AZ

"Azərbaycan və Türkiyə Suriyanın yenidən dirçəlməsinə kömək edəcək" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında dünən telefon danışığı baş tutub. Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı Suriyadakı vəziyyətə də münasibətlərini bildiriblər. Liderlər həmçinin Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini qeyd ediblər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirdi ki, Suriyanın yeni hakimiyyəti ölkə qarşısında duran problemlərin həllində Türkiyənin böyük dəstəyinə ümid edir. Millət vəkilinin sözlərinə görə, Türkiyənin tarixən Suriya ilə yaxın münasibətləri olub:

"Suriya xalqı həmişə Türkiyəni özünə dəstək, yaxın bir xalq kimi görüb. Çox təəssüf ki, son dövrdə Suriyadakı siyasi rejimin fəaliyyəti nəticəsində iki ölkə arasındakı münasibətlər səngimişdi. Ancaq yeni hakimiyyət Türkiyə ilə əməkdaşlığına böyük ümidlər bəsləyir və ilk növbədə humanitar problemlərin həllinə Türkiyənin iştirakını arzulayır. Elə bununla bağlı Azərbaycan Prezidentinin dünən Türkiyə Prezidenti ilə telefon danışığı oldu. Burada Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilmə məsələsi vurğulandı. Eyni zamanda Türkiyənin Suriyada göstərəcəyi humanitar fəaliyyətə Azərbaycan da dəstək olmağa hazır olduğunu bildirdi. Bu, iki dövlət arasında qardaşlıq münasibətlərinin dərinliyini, beynəlxalq aləmdə birgə fəaliyyətimizin, hər bir ölkənin böyük siyasi nüfuz qazandığının bir daha göstəricisidir". 

Deputat qeyd etdi ki, Suriyaya edilən yardımlar bu ölkənin yenidən dirçəlməsinə töhfə verəcək.

"Azərbaycanın beynəlxalq aləmdə ayrı-ayrı ölkələrdə humanitar fəaliyyətinə dair kifayət qədər böyük təcrübəsi var və Azərbaycanın köməyi həmişə arzu olunan hesab edilir. Fikirləşirəm ki, müvafiq şərait yarandıqdan sonra Azərbaycan və Türkiyə mütəxəssisləri Suriyanın yenidən dirçəlməsində, cəmiyyətdə sosial, humanitar problemlərin həllində birgə fəaliyyət göstərəcəklər. Həmçinin bunun yaxşı nümunələrini biz hələ eşidəcəyik", - deyə A.Mirzəzadə bildirdi.

Türkan İSGƏNDƏRLİ

Seçilən
8
redaktor.az

1Mənbələr