AZ

Qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların məbləği açıqlanıb

Bu ilin yanvar-sentyabr ayları üzrə ölkənin xalis maliyyə aktivləri 1390,9 milyon ABŞ dolları artıb.

Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin 9 ayı üzrə açıqladığı tədiyə balansı məlumatlarına əsasən, bu göstərici xaricə yönəldilən birbaşa investisiyalar (584 milyon dollar), portfel investisiyaları (724,5 milyon dollar) və digər investisiyalar (82,4 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2179,6 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunan investisiyalar (-235,6 milyon dollar), neft bonusu (457,8 milyon dollar), portfel investisiyaları (-960,6 milyon dollar) və digər investisiyalar (-1441,2 milyon dollar) hesabına formalaşıb.

Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 584 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 235,6 milyon dollar azalıb. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunan sərmayələrin ümumi məbləği 4,5 milyard dollar, xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyaların həcmi isə 1,4 milyard dollar olub.

Ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 79,3 faiz təşkil edib. 2024-cü ilin 9 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə maliyyə öhdəliklərinin (-882,1 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunan investisiya ilə (3587,4 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (4469,5 milyon dollar əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqlə formalaşır.

Qiymətləndirməyə görə, qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların ümumi məbləği 2,7 faiz artaraq 0,9 milyard dollar təşkil edib.

Seçilən
66
vergiler.az

1Mənbələr