AZ

Trampın Zəngəzurla bağlı mövqeyi açıqlandı - Ağ Evə qayıtdıqdan sonra...

Teleqraf.com-un suallarını ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ABŞ Prezidenti Cozef Bayden Azerbaycanla Ermənistan arasında sülh prosesində kifayət qədər fəal rol oynadı. Sizcə, yeni seçilmiş prezident Donald Tramp bu məsələdə necə rol oynayacaq? Bu fəallığı davam etdirəcəkmi?

- İlk növbədə, ABŞ prezidenti Cozef Baydenin Qarabağda sülh prosesində çox aktiv rol oynadığını düşünmürəm. Lakin Dövlət katibi Entoni Blinken isə fəal rolu ilə fərqləndi. Donald Trampın isə ümumiyyətlə sülh danışığı, Azərbaycan-Ermənistan münasibətləri, o cümlədən Cənubi Qafqaz regionu ilə bağlı hər hansı bir fikrinin olduğuna inanmıram. Yəni onun hazırda bu region barədə planlaşdırdığı siyasəti yoxdur. Ancaq bu məsələdə yeni Dövlət katibi olacağı gözlənilən Marko Rubionun maraqlı olduğu qənaətindəyəm. Rubio xarici siyasət məsələsində olduqca təcrübəli biridir. Strateji düşünmə bacarığı olduqca yüksəkdir. Bu səbəbdən Marko Rubionun bu mövzuda eynilə Blinken kimi oxşar rol oynayacağını düşünürəm. Lakin bu barədə danışmaq hələ tezdir. Çünki Rubionun ABŞ senatı tərəfindən Dövlət katibi postuna təyin olunması həftələr, hətta bir neçə ay çəkəcək. Lakin bir daha qeyd edim ki, Trampın gündəliyində xarici siyasət baxımından başqa vacib mövzular var. Onun Azərbaycan-Ermənistan mövzusunda şəxsən iştirakda həvəsli olduğunu düşünmürəm. Fikrimcə, Trampın komandası da bu məsələdə Bayden administrasiyasının yanaşmasını tətbiq edəcək. Yəni Bayden kimi Tramp da Azərbaycan və Ermənistan liderləri arasında sülh danışıqlarını yekunlaşdırmaq, sərhəd problemini həll etmək, o cümlədən 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən bölgədəki tranzit xətlərin yenidən istifadəyə açılması üçün səyləri davam etdirəcək.

- Donald Tramp ilk prezidentlik dövründə Suriyada olan hərbi mövcudluğu kifayət qədər azaltmışdı. Bildiyiniz kimi hazırda Suriyada Bəşər Əsəd rejimi devrilib. Tramp bu dəfə Suriya ilə bağlı hansı addımları atacaq? Suriyada YPG terror təşkilatına Amerikanın dəstəyi Türkiyə tərəfindən xoş qarşılanmır. Bu məsələ ilə bağlı nə düşünürsünüz?

- Hələlik heç kəs Trampın Suriya mövzusuna necə yanaşacağını bilmir. Bundan başqa, o, 2 gün əvvəl özünün "Truth" sosial şəbəkə hesabında paylaşım edərək, ABŞ-nin bu qarışıqlıqdan kənarda qalmalı olduğunu açıqladı. Bunun Amerikanı maraqlandıran bir toqquşma olmadığını bildirdi. O, həmçinin Rusiya və İranın Bəşər Əsədə dəstək göstərmədiyini də qeyd etdi. Çünki Rusiyanın diqqəti Ukraynada olduğundan iqtisadiyyatını başqa istiqamətə yönləndirə bilmir. İranın başı isə İsrailin hücumlarına və digər problemlərə qarışıb. Ancaq Tramp özünü müharibələrə son qoyacaq biri kimi qələmə verib. Ağ Evdə ilk iş günündən etibarən Ukrayna, Qəzza, Yaxın Şərqdə müharibələri dayandıracağını deyib. Amerikanın YPG terror təşkilatına dəstək göstərib-göstərməyəcəyi ilə bağlı bir proqnozum yoxdur. Ümid edirəm, hər hansı bir dəstək olmaz, çünki bu, terror təşkilatıdır. Tramp böyük ehtimalla Suriyadakı təxminən 900 ABŞ əsgərini də ordan çıxaracaq. Onlar hazırda neft yataqlarının təhlükəsizliyini təmin edirlər. Tramp daha əvvəl yerdə qalan ABŞ hərbçilərini Suriyadan çıxarmaq fikrində olduğunu bildirmişdi. Əgər belədirsə, fikrimcə, hazırda bunu etmək üçün çox yaxşı fürsət yaranıb. Belə olacağı təqdirdə ABŞ-nin YPG ilə olan münasibətinin strukturu tamamilə dəyişəcək.

- Trampın ikinci prezidentlik dövründə Yaxın Şərqdə xəritə necə formalaşacaq?

- Trampın prezidentliyi dövründə Yaxın Şərqdə xəritənin necə dəyişəcəyi sualına cavab vermək, indiki vəziyyətdə naməlum olan gələcəklə bağlı proqnoz vermək qeyri-mümkündür. Məlum olan isə odur ki, Tramp əvvəlki prezidentliyinin sonunda Abraham (İbrahim) Razılaşmalarına vasitəçilik edə bildi. Nəticədə İsrail ilə bir sıra ərəb dövləti arasında əlaqələrdə normallaşma oldu. Tramp eyni vəziyyətin - əlaqələrin normallaşması prosesinin İsrail ilə Səudiyyə Ərəbistanı arasında da baş verməsini istərdi. Buna nail olmaq üçün Səudiyyə Ərəbistanının vəliəhd kralı Məhəmməd ibn Salman Fələstin üçün ikidövlətli həll yolu tələb edir. Netanyahu isə bundan imtina edib. Əgər İsrail ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr normallaşmalıdırsa, Tramp çətin danışıqlara getməli və Netanyahuya təzyiq göstərməlidir. Ən yaxşı halda isə Tramp istəyir ki, Yaxın Şərqdə daha az müharibə olsun və daha çox iş görülsün. Fikrimcə, Tramp qəlbinin dərinliklərində İsrailin baş naziri Benyamin Netanyahunun dəstəkçisi olmağa davam edəcək. Bu səbəbdən, onun əvvəl olduğu kimi bu dəfə də İsrail-Fələstin məsələsində ikidövlətli həll yolunu dəstəkləməyəcəyi qənaətindəyəm. O, mövzu ilə ilk prezidentlik dövründə də öz təklifini bildirmişdi. Lakin bu, hazırda fələstinlilərin nəzarətində olan çoxlu ərazini İsrailə qaytaracaq bir razılaşma idi ki, bu, fələstinlilər üçün tamamilə qəbuledilməz olardı.

- Bayden administrasiyası Zəngəzur dəhlizinə dair mühüm açıqlamalarla yadda qalmışdı. Açıqlama Amerikanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərirdi. Sizcə, Trampın Zəngəzur dəhlizi ilə bağlı yanaşması necə olacaq?

- Trampın prezidentlik dövründə ABŞ administrasiyasının Zəngəzur dəhlizinə yanaşmasının dəyişəcəyini düşünmürəm. Bir daha qeyd edirəm, bu, Trampın gündəliyində dayanan əsas məsələlərdən olmayacaq. Azərbaycan və Ermənistan liderləri bölgədəki bütün tranzit yolların yenidən açılmasını özündə ehtiva edən atəşkəs bəyanatı imzalayıblar. Zəngəzur dəhlizi ilə bağlı danışıqlara gəlincə isə ABŞ hökumətindən olan ekspert və mütəxəssislər bu dəhlizin açılmasını dəstəkləyən fikirlər səsləndirməyə davam edəcəklər.

- Tramp prezident olacağı təqdirdə müharibələri dayandıracağına söz vermişdi. Bura Rusiya-Ukrayna müharibəsi də daxil idi. Sizcə, buna nail ola biləcək? Tramp bu müharibədə hansı tərəfin qələbəsini üstün tutacaq?

- Mən Trampın Rusiyanın Ukraynada müharibəni sona çatdırmaqda uğurlu olub-olmayacağını bilmirəm. O, bu cür məsələlərdə razılaşmalar əldə etmə qabiliyyətinə görə özü ilə fəxr edir, lakin bir razılaşma və ya müqavilə hər iki tərəf üçün qəbul edilə bilən olmalıdır. Hər iki tərəf bunu qəbul etməlidir. Tramp isə mənim bildiyimə və onun yüksək səviyyəli müşavirlərinin açıqlamalarına əsasən, müharibədə heç kimin qalib gəlməsini istəmir. O düşünür ki, əslində hər iki tərəf artıq uduzub və sadəcə olaraq müharibənin sona çatmasını istəyir. Hesab edirəm ki, hər keçən gün daha aydın görünür ki, Putin də artıq müharibənin sona çatması fikrini dəstəkləyir. Sadəcə olaraq, Putin hazırda Rusiyanın hərbi qazancını maksimum artırmağa çalışır və buna görə də hələlik döyüşməyə davam etmək istəyir. Amma düşünürəm ki, Putin artıq başa düşür ki, əslində Rusiyanın uzun illər ərzində iqtisadi inkişaf perspektivlərini məhv edib. Rusiya iqtisadiyyatı silah istehsal edə bilir, lakin bu silahlar uzunmüddətli iqtisadi inkişafı təmin etmir. Belə olduğu halda, Putin də müəyyən bir razılaşma görmək istəyəcək. Tramp isə sadəcə olaraq bu razılaşmanı əldə edən şəxs kimi tanınmaq istəyir. O, özünü "sülh vasitəçisi" kimi tanıtmaq fikrindədir. Tramp təkcə Ukraynadakı müharibəni deyil, həm də İsrail-Qəzza münaqişəsini həll etmək niyyətindədir.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
42
50
teleqraf.com

10Mənbələr