Dünya futbolunun əfsanəsi Lionel Messi xeyriyyə tədbirində iştirak etmək üçün Azərbaycana təşrif buyurub.
İdman.biz xəbər verir ki, “Qızıl top”un səkkiz qat qalibi ilə birlikdə vaxtilə “Barselona”da, indi isə “İnter Mayami”dəki məşhur oyundaşları Luis Suares, Serxio Buskets və Jordi Alba da Bakıya gəliblər.
Bu futbolçulardan Buskets 2009-cu ildə ölkəmizdə olub. O, İspaniya millisinin heyətində Bakıda Azərbaycan yığmasına 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşünün ikinci hissəsində çıxış edib. Onda Busketsin cəmi 20 yaşı vardı və millidə ikinci oyununu keçirirdi.
Ümumiyyətlə, Azərbaycan millisi və avrokuboklarda “Qarabağ”la qarşılaşmalar, həmçinin Bakıda keçirilən AVRO-2020-nin oyunları və 2019-cu ildə Avropa Liqasının finalında iştirak üçün bir çox ulduz futbolçular ölkəmizdə olub, meydana çıxıblar.
Məsələn, “Qızıl top”un beş qat qalibi Kriştiano Ronaldo Portuqaliya millisinin 2007-ci ildə “Tofiq Bəhramov”da 2:0 hesablı qələbə qazandığı matçda çıxış edib. Özü də bu onun yığmada 50-ci oyunu idi.
2018-ci il “Qızıl top”un sahibi Luka Modriç isə Xorvatiya millisi ilə 2015 (0:0) və 2019-cu illərdə (1:1) Bakıda olub.
Bəzi məşhur futbolçular isə ölkəmizə müxtəlif tədbirlərdə iştirak etmək üçün və ümumiyyətlə, şəxsi dəvətlə qonaq kimi gəliblər.
2012-ci ildə Peşəkar Futbol Liqası ilə Azərbaycan Premyer Liqasının yeni titul sponsoru arasında imzalanma mərasimində 1991-ci il “Qızıl top”un sahibi fransalı Jan Pyer Papen də iştirak edib.
İsveçli Zlatan İbrahimoviçin 2015-ci ildə istirahət və ov etmək məqsədi ilə Azərbaycana səfər etməsi də yada düşür.
2016-cı ildə ev sahibi şəhərlərdən biri olan Bakının AVRO-2020 üçün hazırlanan loqosunun təqdimat mərasiminə 1987-ci il “Qızıl top”un və AVRO-1988-in qalibi niderlandlı Ruud Qullit də xüsusi qonaq kimi qatılıb.
2019-cu ildə Bakının Avropa Liqasının final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma da keçirilib və həmin oyunda ulduz futbolçular Yeji Dudek, Maykl Essyen, Deku, Hamit Altıntop, Nihat Kahveçi, Andrey Arşavin, Revaz Arveladze iştirak edib.
Onlardan başqa 2001-ci il “Qızıl top”un sahibi ingiltərəli Maykl Ouen və italiyalı qapıçı Françesko Toldo da Bakıya səfər edib, 2019 Avropa Liqasının finalı ərəfəsində təşkil olunmuş Azarkeş Festivalında iştirak ediblər.
Bu il də bir çox məşhurlar ölkəmizə təşrif buyurub. 2014-cü ilin dünya çempionu Mesut Özil oktyabrda Azərbaycanda bir sıra tədbirlərdə iştirak edib.
Noyabrda COP29 ilə bağlı Bakıya gələnlərdən biri də əfsanəvi futbolçu Ronaldinyo olub. 2005-ci il “Qızıl top”un qalibinin ölkəmizə ilk dəfə səkkiz bundan əvvəl səfər etdiyini də xatırladaq.
Türkiyə millisinin kapitanı və baş məşqçisi olmuş Fatih Terim də “Qarabağ”ın dəvəti ilə COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə fəxri qonaq kimi iştirak edib.
Rasim Mövsümzadə
İdman.biz