AZ

Heydər Əliyev yolu Azərbaycana daim uğurlar qazandırır

Samir Qocayev,

YAP Goranboy rayon təşkilatının sədri

Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Ümummilli Liderin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, dövlətimiz, xalqımız qarşısındakı xidmətləri geniş  təhlil edilir və  bu reallıq bir daha qeyd edilir ki, dahi şəxsiyyət  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətin varlığından  danışmaq qeyri-mümkün idi. Belə ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi ölkəmizi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, torpaqlarımız işğal edilir, xalqın sabaha ümidi itmişdi. Belə çətin günlərdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yenidən qurdu. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanı necə görmək istədiyini açıqlamaqla yanaşı, arzusunu reallaşdırmaq üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Hakimiyyətə qayıdışının ilk günlərində belə bir inamı da ifadə etmişdir ki, bu çətin günləri keçib gedəcəyik, hər kəs belə qüdrətli, güclü Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq.

Ölkəmizdə yaradılan sabitlik, normal biznes mühiti iqtisadi tərəqqiyə geniş yol açdı. Azərbaycanın müəllifi olduğu enerji layihələri həm iştirakçı, həm də dünya dövlətlərinin davamlı iqtisadi inkişafını təmin edir. Dahi şəxsiyyət Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” dünya iqtisadi sisteminə inteqrasiyanı daha da sürətləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. Neft gəlirlərinin səmərəli istifadəsini həyata keçirmək üçün yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına reallığa çevrilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını təmin edir. İqtisadi müstəqilliyimiz ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində də öz sözünü deyir.  Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etdirilir. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı, faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi.

Azərbaycanda demokratikləşmə prosesi də uğurla həyata keçirilir. Ümummilli Lider bildirirdi ki, demokratiya strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, demokratik təsisatların inkişafı prioritet məsələ kimi öndə dayanıb. Azərbaycanın demokratiya təcrübəsi təqdir edilir. İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Xalq atılan hər addımda özünə diqqətin şahidinə çevrilir. İqtisadi tərəqqinin fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rahat yaşayışının təmin edilməsi istiqamətində atılan addımlar da deyilənlərə bariz nümunədir.

Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan həqiqətlərinin, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına, erməni yalanlarının ifşasına səy göstərdi və uğurlu siyasəti nəticəsində nail oldu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqaməti Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməyə başladı.

Heydər Əliyev yolunun uğurları ölçüyəgəlməzdir. Ümummilli Liderin 2003-cü ildə Azərbaycanın gələcəyi ilə bağlı növbəti inamın ünvanını göstərməsi hər bir azərbaycanlıda böyük qürur hissi yaratdı. Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı dövr torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Hər bir vəd konkret əməli işdə öz təsdiqini tapmaqla yeni-yeni çağırışlara, hədəflərə yol açır. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpa edilməsi fonunda sabaha daha böyük inamla addımlayan Azərbaycanın regionda və dünyada söz sahibliyi daha da möhkəmlənir, sözünün imzası qədər dəyəri artır. Heydər Əliyev yolu Azərbaycana daim möhtəşəm uğurlar qazandırır. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoydu. Yeni dövrün yeni hədəfləri cənab İlham Əliyevin bu ilin fevralında keçirilən  prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində bir daha açıqlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev əsas hədəflərin ordu quruculuğunda işlərin davam etdirilməsi ilə bərabər, azad edilmiş topraqlarda bərpa işlərinin aparılması olduğunu önə çəkdi. Qarabağ, Şərqi Zəngəzur dirçəlir. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Heydər Əliyev siyasətinin uğurları hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində aydın şəkildə görünür. Bu siyasət bundan sonra da Azərbaycanı zəfərlərə aparacaq.

phrase_var_article.chosen
26
1
yeniazerbaycan.com

2phrase_var_article.sources