“Ermənistan Bəşər Əsəd rejimi ilə daim yaxın əlaqədə olub. Ermənistanın Hələbdə hərbçiləri vardı və Ozanyan terror təşkilatı PKK ilə birgə fəaliyyət göstərib. Ermənistanın Əsəd rejimi, eləcə də İran, Hindistanla əməkdaşlığı Azərbaycan və Türkiyə əleyhinə yönəlib. Ermənistanın Əsəd rejiminə Qarabağın müstəqilliyini tanıtmaq istəyində olması da sirr deyil”.
Bunu hafta.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun fikrincə, artıq proseslər dəyişib.
M.Əsədullazadə qeyd edib ki, Suriyada Əsəd rejiminin süqutu Türkiyənin Yaxın Şərqdəki mövqeyini gücləndirdi. Bu gün Suriyada əsas söz sahibi Türkiyədir və Cənubi Qafqaz da maraq dairəsi müstəvisindədir.
O, eyni zamanda qeyd edib ki, bu gün Azərbaycanla Türkiyə koordinasiyalı şəkildə çalışır. Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana zəngi və öz dəstəyini ifadə etməsi, humanitar yardımlar həyata keçirəcəyini vurğulaması bu dövlətlərin ikitərəfli şəkildə siyasi proseslərdə iştirak etdiyini göstərir.
“Ermənistanın Suriyada bütün siyasəti iflasa uğradı, müttəfiqlərini itirdi. Bu gün siyasi nizamda Türkiyə öndədir. Türkiyə Suriyada güclüdür və Cənubi Qafqazda Azərbaycanla birlikdə fəaliyyət göstərir. Ermənistan bu reallığı görməli və Azərbaycan-Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Eləcə də Hindistan, Fransanın təhriki ilə vəziyyəti gərginləşdirməməlidir. Çünki proseslər əleyhinə işləyə bilər. Zəngəzur dəhlizi açılmalı, konstitusiyasından ərazi iddiaları ilə bağlı bəndlər çıxarılmalıdır. Ermənistan bu reallığı görməlidir. Əgər görməsə dövlətçiliyi sual altında qalacaq”.