Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədri Elnurə Abuşova QHT.az-a açıqlamasında 2024-cü ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan nikah və boşanma statistikalarını şərh edərək, boşanmalara səbəb olan əsas faktorlara diqqət çəkib. O, bildirib ki, 2024-cü ilin müvafiq dövründə əhalinin hər min nəfərinə nikah sayı 5,1-dən 4,8-ə düşüb, boşanmalarda isə dəyişiklik olmayıb və bu göstərici 2,1-də qalır.
Elnurə Abuşova, ailədaxili zorakılığın, xüsusilə fiziki və psixoloji zorakılığın, boşanmanın başlıca səbəblərindən biri olduğunu vurğulayıb. Tərəflər arasında düzgün ünsiyyətin olmamasının ailə münasibətlərini zəiflətdiyini və nəticədə gərginlik yarandığını qeyd edib: "Bununla yanaşı, maliyyə problemləri və ailə büdcəsinin düzgün idarə edilməməsi də boşanmalara səbəb olur. Ailə daxilində maliyyə çatışmazlığı və xərcləmələr barədə mübahisələr münasibətləri pisləşdirir. Bu məsələlərin qarşısını almaq üçün ailə içi ünsiyyətin gücləndirilməsi və maliyyə savadlılığının artırılması vacibdir."
Elnurə Abuşova, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına istinad edərək, son bir ildə 2-17 yaşlı 1 milyarda qədər uşağın fiziki, cinsi və ya emosional zorakılığa məruz qaldığını açıqlayıb. O, uşaqlara qarşı zorakılığın qarşısının alınmasının mümkün olduğunu və erkən uşaqlıq dövrünün (1-3 yaş) və məktəbəqədər yaş dövrünün (3-5 yaş) uşaqların həyatında vacib keçid dövrləri olduğunu vurğulayıb. Bu dövrlərdə uşağa olan yanaşmanın onun gələcək şəxsiyyətinin inkişafına, özünü qiymətləndirməsinə və bacarıqlarının inkişafına təsir etdiyini bildirib. QHT sədri uşaqlarla işləyən müəllimlərin və psixoloqların peşəkar səriştələrinin artırılmasının, uşaq psixologiyası və pedaqogikası sahəsində müəyyən bilik və bacarıqlara sahib olmalarının vacib olduğunu qeyd edib. O, həmçinin, bu sahədə təlimlərin həyata keçirilməsinin uşaqların sağlam inkişafı və psixoloji rifahı üçün önəmli olduğunu əlavə edib.
Pərvanə Fərhadqızı
QHT.az