AZ

Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?

Yeni
Qış turizmi dünyanın bir çox yerində böyük maraqla qarşılanır Qış turizmi soyuq mövsümün təbiətini və idman fəaliyyətlərini sevənlər üçün unikal imkanlar təqdim edən bir turizm növüdür. Xizək sürmə, qartopu döyüşləri və isti dağ kurortlarında istirahət kimi fəaliyyətlər qış turizminin əsas cazibələridir. Bu turizm növü qarla örtülü mənzərələrdə macəra və rahatlıq axtaran turistlər üçün ideal seçimdir.
Möhtəşəm təbiətə malik olan ölkəmizdə də qış turizmi böyük potensiala malikdir. Bununla bağlı ölkənin müxtəlif yerlərində infrastruktur yaradılıb. Bəs görəsən, Azərbaycanda qış turizminə hazırlıq tamamlanıbmı? Hansı ölkələrdən turistlər gözlənir? Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib ki, Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir. “Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış xizək mərkəzlərində ənənəvi olaraq qış mövsümünün açılışı üçün hazırlıq işləri yekunlaşmaqdadır. Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq 10-15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir. Dövlət Turizm Agentliyi tərəfindən beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. Şahdağ, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır. Qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin Yaxın Şərq və Asiya regionlarından turistlər üz tuturlar. Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır”. O, bildirib ki, 3 əsas xizək mərkəzindən əlavə, Şəkidə “Şəki Yaylası Xizək İstirahət Mərkəzi” də son illərdə daha çox yerli turistlərin diqqətini cəlb etməkdədir. “Bütövlükdə, qış turizmi potensialı ilə fərqlənən ərazilər kimi şimal-qərb turizm dəhlizi üzrə Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən ərazilərdə, xüsusən, Oğuz rayonu, cənub turizm dəhlizi üzrə Talış dağlarının şimal ətəklərində, əsasən, Yardımlı rayonu, qərb turizm dəhlizi üzrə Kiçik Qafqaz dağlarının ətəklərində Gədəbəy və Daşkəsən rayonları qış turizmi fəaliyyətləri üzrə investisiya qoyuluşları üçün əlverişli coğrafi xüsusiyyətlərə malikdir.

Qeyd edilənlərlə yanaşı, işğaldan azad edilmiş ərazilər üzrə də qış turizmi fəaliyyətlərinin inkişafı üçün potensial mövcuddur. Aparılan qiymətləndirmələr nəticəsində, xüsusilə, Kəlbəcər rayonunun müvafiq istiqamətdə imkanları aşkarlanmış, burada İstisu-Minkənd yolu, Sultan Heydər dağı və Zod aşırımı yolu, Dəmirçidam-Seyidlər kəndlərinin yerləşdiyi ərazilər səmərəli destinasiyalar kimi təklif edilmişdir. Həmçinin Laçın rayonunun Minkənd kəndinin sıldırım dağ ərazilərində də qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Ərazilər üzrə təbii coğrafi faktorlar burada xizəkçilik mərkəzlərinin rəqabətqabiliyyətli təşkili üçün imkan yaratmaqla işğaldan azad edilmiş ərazilərin iqtisadiyyata sürətli reinteqrasiyasına və dayanıqlı məskunlaşmanın təmin edilməsinə dəstək vermə potensialına malikdir”.

Seçilən
36
1news.az

1Mənbələr