AZ

"Suriyada baş verənlər amerikalılarla sionist qurumun sui-qəsdidir" - Ayətüllah Xamenei

 
"Onların heç biri öz məqsədlərinə nail ola bilməyəcək, Suriyanın qeyrətli gəncləri işğal edilmiş rayonları azad edəcək..."
 
İranın Ali dini rəhbəri ayətüllah Əli Xamenei Tehranda imam Xomeyni məscidində çıxışı zamanı Suriyada Bəşər Əsəd rejiminin süqutunu ilk dəfə olaraq şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Təsnim" agentliyi məlumat verib. Məlumatı "kommersant.ru" nəşri yayıb.
 
Xamenei Suriyada bu qədər tez bir zamanda və az qala ağrısız hakimiyyət dəyişikliyində, onun fikrincə, günahkar olanların adlarını açıqlayıb.
 
"Suriyada baş verənlər amerikalılarla sionist qurumunun birgə qəsdinin nəticəsidir, - ayətüllah bəyan edib. - Bu  barədə bizdə olan sübutlar buna şübhə yeri qoymur".
 
Bir çox illər ərzində formalaşan ənənəyə görə, İranın dini liderinin nifrət etdiyi yəhudi dövlətinin adını çəkməyə bu dəfə də dili gəlməyib. O, Suriyada baş verən hadisələrin üçüncü "günahkarının" adını çəkməsə də, deyəsən, Türkiyəyə eyham vurub.
 
"Aydındır ki, burada həmçinin Suriya ilə qonşu olan ölkə rol oynayıb və indiyədək rol oynamaqda davam edir, bunu hamı görür", - o, iddia edib.
 
"Lakin başlıca qəsdçilər, əsas planlaşdırıcılar və onların operativ qərargahı Amerika və sionist qurumda yerləşir", - Xamenei əsas fikrinə dönüb.
 
"Əlbəttə ki, dediyim bu cinayətkarların hər birinin öz məqsədləri var. Bu məqsədlər eyni deyil. Onların bəziləri Suriyanın şimal və ya cənub torpaqlarını zəbt etməyə, eyni zamanda Amerika regionda öz iştirakını möhkəmlətdirməyə can atır. 
 
Lakin Allahın iznilə zaman göstərəcək ki, onların heç biri öz məqsədlərinə nail olmayacaq. Suriyanın işğal edilmiş rayonları Suriyanın qeyrətli gəncləri tərəfindən azad ediləcək və bunun baş verəcəyinə heç bir şübhə yoxdur.
 
Amerikanın platsdarmına gəldikdə isə, o da sarsılmaz olmayacaq və Allahın iznilə amerikalılar regiondan müqavimət cəbhəsi tərəfindən qovulacaqdır".
 
Suriya hadisələrinin izahı İranın Ali dini liderinin dilindən  "Hizbullah"ın oxşar bəyanatından dərhal sonra səsləndirilib. Bu təşkilat ümid etdiyini bildirib ki, Suriya "öz xalqının seçimi əsasında sabitliyini bərpa edəcək, dirçəlişə nail olacaq və İsrailin işğalına qarşı çıxacaq". Bu barədə CNN telekanalı və "İnterfaks" agentliyi məlumat verib.
 
"Suriyaya qarşı təcavüzlə bağlı ərəb, İslam və beynəlxalq dairələrin qulaqbatırıcı susqunluğu sionistlərin region ölkələrinə hücumlarına gətirib çıxarıb, - "Hizbillah" bəyan edib. - İsrailə Suriyada öz məqsədlərinə nail olmasına mane olmaq üçün bütün tədbirlərin görülməsi zəruridir".
 
ABŞ-a eyham vuraraq Livan qruplaşması qeyd edib ki, "Suriyada baş verənlər nəticəsində yaranacaq bütün siyasi imkanlar Suriya xalqının müstəsna hüququdur və hər-hansı xarici müdaxilədən asılı olmayaraq gerçəkləşdirilməlidir".
 
Xatırladaq ki, kürdlərin başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri" (SDQ) və Türkiyənin dəstəklədiyi "Azad Suriya Ordusu" bu gecə ABŞ-ın vasitəçiliyi ilə Suriyanın şimalında atəşkəs sazişinə nail olub.
 
"Suriya Demokratik Qüvvələri"nin komandanı Məzlum Abdinin sözlərinə görə, tərəflər noyabrın 27-dən ölkədə başlanan döyüşlərdən sonra vətəndaşların təhlükəsizliyinin təmin ediıməsi üçün öz silahlı dəstələrinin çıxarılması barədə razılığa gəlib.
Seçilən
32
moderator.az

1Mənbələr