AZ

"Elmin qocalmasının" bir səbəbi var- gənclər elmdən niyə qaçır?..

Image

İlqar Orucov: “Azərbaycan təhsili ilə yanaşı, elmi də qadınlaşıb”

“Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var”. Bunu elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransının açılış mərasimində çıxışı zamanı deyib. 

Nazir bildirib ki, akademik dürüstlük olarsa, akademik nailiyyətlər də daha yaxşı olacaq: “Dürüst insan başqasının əməyini oğurlayıb öz əməyi kimi təqdim etmirsə, bu, çox böyük akademik nailiyyətdir. Elm sahəsində dövlət tərəfindən həqiqətən də bir neçə vacib addımlar atılıb. Hazırda xaricdə 280-ə qədər azərbaycanlı dünyanın aparıcı universitetində doktorantura təhsili alır. Hər il 500 gənc xaricdə təhsilə göndərilir. Bu il 20 faizə qədər gəncin doktorantura təhsili üçün xaricə göndərilməsi maliyyələşdiriləcək. Bu, o deməkdir ki, xaricdə təhsil alan doktorantların sayı artacaq”.

Maraqlıdır, gənclərin elmə marağının artması üçün hansı işlər görülməlidir? 

“Savadlı, elmli, bilikli gənclər elmdən uzaqlaşdırıldı, son zamanlar müdafiə edən alimlərə diqqət edəndə görürük ki, onlar...”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan elminin gəncləşməsinə böyük ehtiyac var: “Bu yeni fikir deyil. 21 il öncə də bunu mən səsləndirmişəm. 21 il ərzində rəhbəri olduğum Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Azərbaycan elminin gəncləşməsi, gənc elmi kadrların mütərəqqi  dünya səviyyəsinə hazırlığı istiqamətində kifayət qədər böyük işlər görüb. Azərbaycan elminin qocalma tendensiyasının zərərli olduğunu gündəmə gətirmişik. Azərbaycanda elmi məktəblər sıradan çıxıb. Zamanında çox böyük görkəmli alimlərimiz olub. Azərbaycan xalqı çox səviyyəli və intellektualdır. Bu xalqın dünya elminə bəxş etdiyi simalar olub. Zədələnmiş elmi mühiti bərpa etmək lazımdır. Elm elə bir fəaliyyət növüdür ki, biznes sahəsi deyil. Elmə gəlmək istəyənlərə minimum imkanlar yaradılsa, bu sahə gəncləşər”.

Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, 2013-cu ildən etibarən Azərbaycan elmində şou xarekterli görüntü işləri görünməyə başladı: “Ramiz Mehdiyev Akademiyanın prezidenti olduğu müddətdə Azərbaycan elmi böhranlı dövrünü yaşadı. Savadlı, elmli, bilikli gənclər elmdən uzaqlaşdırıldı. Son zamanlar müdafiə edən alimlərə diqqət edəndən görürük ki, onlar köhnəlmiş, heç bir əhəmiyyəti olmayan, hətta laboratoriyanın köhnə hesabatları ilə müdafiə edənlər olub. Bu cür müdafiələr görüntü xətrinədir. Məlumdur ki, Azərbaycan gəncləri dünyanın nüfuzlu universitetlərində bakalavr və magistr təhsili üçün göndərilib. Bu il dövlət proqramı uzadılıb. Artıq doktorantura pilləsində də gənclərimiz təhsil almağa göndəriləcək. Görülməli iş budur. Onu da deyim ki, Prezident İlham Əliyev gənclər üçün mükafat təyin edib və orda gənclərin mükafatlandırılması təşəbbüskarı oldum. Ancaq bu mükafat heç bir uğuru olmayan gənclərə verildi”.

Ekspertin dediyinə görə, Azərbaycan təhsili ilə yanaşı, elmi də qadınlaşıb: “Qadınların öz ayağı üstə durmasının tərəfdarıyam. Ancaq bəylər elmə maraq göstərmir, buna diqqət edilməlidir. Emin Əmrullayev çıxışında bildirib ki, Bakı Dövlət Universitetini gəzərkən laboratoriya görməyib. Təbii ki, görə bilməz. Biz illərdir deyirik ki, universitetlərin gəlirlərini daşa-quma verib, binanın zahiri görünüşünü bəzəməyin. O vəsaitlərlə gənclər sərf edin, heç olmasa ali təhsil ocaqları ildə 5 gəncin doktorantura pilləsinin xərcini öz üzərinə götürsün. Universitetlər bunu edə bilərlər, buna imkanları çatır”.

Günel CƏLİLOVA





Seçilən
7
baki-xeber.com

1Mənbələr