Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı 2024-cü ildə görülən işlərin yekunları və növbəti il üçün planlar müzakirə edilib və 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Məsləhətləşmələr zamanı tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Bəs görəsən Fransa və Ermənistanın bu müttəfiqliyinin əsas səbəbi nədir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib:
"Ermənistan və Fransanın hərbi əməkdaşlığı uzun müddətdir ki, davam edir. Ermənistan Fransadan sadəcə olaraq digər ölkələrə etdiyi kimi dilənçilik siyasəti əsasında yardımlar qoparmağa çalışır. Əslində burda sual Ermənistan Fransadan yox, Fransa Ermənistandan nə istəyir olmalıdır. Əgər Fransa Ermənistanı özünə müttəfiq hesab etsəydi, Ermənistanın regionda sülhə gəlməyinə çalışardı. Ermənistanı sülhə təşviq edərdi, nəinki, silahlandırmaq. Hətta siyasi bilgisi çox dərin olmayan insana belə bəllidir ki, Ermənistanın Fransa tərəfindən silahlandırılması onların yenidən müharibəyə hazırlaşması deməkdir. Ermənistanı müharibəyə tətikləyən məhz Fransadır. Bu gün Fransa müxtəlif formada öz təxribatçı fəaliyyətlərini davam etdirir. Lakin, onların öz daxilində çox ciddi problemlər qalmaqda davam edir. Makron Fransaya baş nazir təyin edə bilmir və ölkə daxilində bu qədər ciddi daxili problemlər varkən, bu gün Fransanın xarici siyasət kursunda da həmin uğursuzluqlar özünü müxtəlif təzahürlərdə göstərir. Fransa Ermənistandan Türkiyə və Azərbaycan əleyhinə bir kart kimi istifadə edir. Onların son dövlər Azərbaycan və Türkiyəyə qarşı düşmən addımlardan biri də Ermənistanın silahlandırılmasıdır. Sonuncu olaraq Fransanın Ermənistanla hərbi əməkdaşlıq proqramı imzalaması da növbəti dəfə Fransa rejiminin antisülh və eyni zamanda Cənubi Qafqazla bağlı məkrli niyyətlərini ortaya qoymuş olur".
Çiçək Sadatova