"Əvəzolunmaz şəxsiyyət, tarixi qəhrəman" -Ziyafət Əsgərov
Hər bir xalqın tarixində Vətəni üçün gördüyü böyük işlərlə, atdığı əvəzsiz addımlarla həmvətənləri tərəfindən qəhrəmanlıq rəmzinə çevrilmiş, xilaskar kimi qəbul edilən və illər keçsə də qəlblərdə daim yaşayan şəxsiyyətlər olmuşdur. Belə insanlar dövlətin ən çətin və qaranlıq dövrlərində işıq saçmış, xalqını böhranlardan çıxararaq gələcəyini təmin etmiş və adlarını əbədi olaraq dövlətçilik tarixinə həkk etmişlər.
Ulu Öndərimiz, Ümummilli Liderimiz Heydər Əliyev də Azərbaycan xalqının əvəzolunmaz şəxsiyyəti, tarixi qəhrəmanıdır. Xalqımız bu böyük liderin əziz xatirəsini hər zaman ehtiramla yad edir və onun Vətənimiz üçün göstərdiyi misilsiz xidmətləri heç vaxt unutmur. Millətin və dövlətin ali mənafeyini öz fəaliyyətində əsas prinsip və norma kimi qəbul etmək, xalqın səsinə - çağırışına cavab vermək, hətta həyatını təhlükəyə atmaq bahasına belə olsa, millətin haqq səsini dilə gətirmək, tarixi məqamlarda məsuliyyəti öz üzərinə götürmək Heydər Əliyevin şəxsiyyətini digər rəhbərlərdən kəskin fərqləndirən xüsusiyyətlərdir. Məhz bu səbədən biz əminliklə deyirik ki, Heydər Əliyev irsi bizim milli sərvətimizdir. Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, işıqlandırılması həm elə müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin öyrənilməsi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə öyrədilməsi üçün ən gözəl nümunədir.
Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Azərbaycan müstəqilliyini bərpa etməzdən xeyli əvvəl başlamışdır. Xalqımız 1969-1982-ci illərdə Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını qoruyan və gücləndirən Heydər Əliyev siyasətini ilə yaxşı bilir. Bu dövrdə onun həyata keçirdiyi siyasət xalqda ona qarşı dərin sevgi və böyük inam hissi yaratmışdır. Daha sonra xalqın bu sevgisi və çağırışları Heydər Əliyevin vətənə geri qayıtmasına səbəb olmuşdur. Onun Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın Ali Sovetindəki fəaliyyəti isə xalqı bir daha əmin etmişdir ki, Heydər Əliyevin liderlik keyfiyyətləri, müdrikliyi, məsuliyyətli və cəsarətli qərarlar qəbul etmək bacarığı, eləcə də millətə olan sevgisi tükənməz və misilsizdir.
1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklər yaratdı. Bu dövrdə milli kimliyin qorunması və ölkənin inkişafı baxımından Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətə yenidən qayıtdı. Heydər Əliyev Naxçıvana gedərək Azərbaycanın siyasi və iqtisadi vəziyyətinin sabitləşməsi istiqamətində fəal işlərə başladı. Ümumilli Liderin böyük siyasətə qayıdışı yalnız Naxçıvan üçün deyil, bütün Azərbaycan üçün taleyüklü hadisə oldu.
Heydər Əliyevin Naxçıvana gəlişi ilə bölgənin siyasi həyatı yeni bir mərhələyə qədəm qoydu. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ilk sessiyasında deputatların istək və təkidi ilə Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi parlament fəaliyyətə başladı. Onun rəhbərliyi altında Naxçıvan Ali Məclisinin fəaliyyəti Azərbaycanın suverenliyinin qorunmasına yönəlmiş, bölgənin iqtisadi, sosial və mədəni sahələrdə inkişafını təmin etməyə hədəflənmişdi. Bu dövrdə Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində Naxçıvan özünü müdafiə edə bilən bir bölgə kimi formalaşmağa başladı
17 noyabr 1990-cı ildə Naxçıvan Ali Məclisinin birinci sessiyasında ilk dəfə üçrəngli Azərbaycan bayrağı qaldırıldı və milli bayraqla bağlı iki maddəlik qərar qəbul edildi. Eyni zamanda Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin hələ mövcud olduğu bir vaxtda belə bir qərarın qəbul edilməsi və həyata keçirilməsi böyük siyasi iradə və cəsarət tələb edirdi ki, Ulu Öndər bunu qətiyyətlə nümayiş etdirdi. Həmçinin, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, Sovet ordusunun və hərbi birləşmələrinin bölgədən çıxarılmasına nail olundu. Bu addımlar nəticəsində Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda milli dövlətçilik ənənələrinin bərpası prosesi başlandı.
1991-ci il sentyabrın 3-ü Azərbaycanın tarixində əlamətdar günlərdən biri kimi yadda qaldı. Həmin gün Heydər Əliyev deputatların və minlərlə insanın israrlı təkidi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçildi. Bu hadisə yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın rifaha və qurtuluşa doğru irəliləməsinin başlanğıcı oldu. O, bu hadisə ilə bağlı belə demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almamaq olmaz… Xalqın bu əhval-ruhiyyəsini və tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa etibar etmişəm və xalqın iradəsini, xüsusən də bu çətin dövrdə, həyata keçirməyə çalışmalıyam.”
Müharibənin davam etdiyi, enerji resurslarının çatışmazlığı yaşandığı çətin dövrdə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi bölgənin iqtisadi inkişafını və sabitliyini təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirdi.
1991 –1993-cü illər arasında qəbul edilən iqtisadi qərarlar və görülən tədbirlər nəticəsində Naxçıvanda sosial-iqtisadi sabitlik təmin olundu. Bu islahatlar Naxçıvanın dayanıqlı inkişafının əsasını təşkil edərək, onun Azərbaycan daxilində və beynəlxalq arenada güclənməsinə səbəb oldu.
Ulu Öndər Heydər Əliyev milli ideologiyanın ön plana çəkilməsinə xüsusi önəm verirdi. Bu məqsədlə, o, bir sıra mühüm tədbirlər həyata keçirdi və tarixi əhəmiyyətə malik qərarlar qəbul etdi. İlk olaraq, 1990-cı il 20 Yanvar faciəsinin siyasi və hüquqi baxımdan Azərbaycan xalqına qarşı törədilmiş cinayət kimi tanınması qərara alındı. Eyni zamanda, Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16 – da Naxçıvan Ali Məclisinin qərarı əsasında “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birlik Günü” elan edildi. Bu qərar, dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə və milli həmrəyliyin gücləndirilməsinə böyük töhfə verərək, dünya azərbaycanlılarını birləşdirən tarixi hadisə kimi qiymətləndirildi.
Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təklifi əsasında Azərbaycan SSR Ali Soveti 1991-ci il fevralın 5-də “Dövlət Bayrağı haqqında” qanunu qəbul etdi. Bu qərar, Azərbaycanın dövlətçilik tarixində mühüm bir hadisə olaraq yadda qaldı və Heydər Əliyevin liderlik xüsusiyyətlərini bir daha sübut etdi.
1991-1993-cü illər arasında Azərbaycan ağır siyasi və iqtisadi böhran dövrünü yaşayırdı. Ölkədəki hərc-mərclik dövlət idarəçiliyinə ciddi təsir göstərir, xalq isə hər gün yeni problemlərlə üzləşirdi. Bir tərəfdən Ermənistanla müharibə şəraitində olan Azərbaycan, digər tərəfdən də daxili siyasi sabitlikdən məhrum vəziyyətdə idi. Dövlət idarəçiliyinin qeyri-peşəkar və səriştəsiz şəxslərin əlində olması nəticəsində ölkədə xaos yaranmış, iqtisadiyyat çökmüşdü. Belə bir mürəkkəb vəziyyətdə xalq çıxış yolu olaraq yenidən öz xilaskarına üz tutdu. 1993-cü ilin yayında xalqın tələbi və dəstəyi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi.
1993-cü il 3 oktyabrda keçirilən prezident seçkiləri isə Azərbaycan tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Belə ki, xalq, üzərinə düşən böyük məsuliyyəti dərk edərək Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ulu Öndərin böyük səs çoxluğu ilə prezident seçilməsi, bugünkü güclü, müstəqil və suveren Azərbaycan dövlətinin təməlinin qoyulmasına səbəb oldu.
Ümumilli Lider Heydər Əliyevin ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edəcəyi, onun and içmə mərasimindəki nitqində artıq aydın olmuşdur. Heydər Əliyev nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”
Bu gün bizi Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı sürətlə inkişaf edən ölkələr sırasına qaldıran iqtisadi gücümüzə və ölkəmizi Avropanın etibarlı enerji tərəfdaşlarından birinə çevirən neft-qaz siyasətinə qədər dövlətimizin bütün sahələrində Heydər Əliyevin xidmətləri öz əksini tapır. Onun əməyinin, zəkasının və uzaqgörənliyinin izləri hər yerdə görünür. Ən önəmlisi odur ki, Heydər Əliyevin Prezident seçilməsindən sonra biz ilk dəfə müstəqillik tariximizdə güclü mərkəzi hakimiyyətin, xalq-iqtidar birliyinin və peşəkar rəhbərliyin nə olduğunun şahidi olduq. Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkədə sabitlik təmin edildi, vətəndaş həmrəyliyi bərpa olundu, Qarabağ müharibəsində atəşkəsə nail olundu və düşmənin təcavüzü dayandırıldı. Hələ Sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasını təmin edən Heydər Əliyev, müstəqil Azərbaycanın güclü ordusunun əsasını qoyan şəxsiyyət kimi tarixdə iz qoymuşdu.
Müstəqil və müasir Azərbaycanın tarixində baş verən bütün mühüm hadisələr məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət bayrağımızın təsdiqi, demokratik idarəetmə sisteminin qurulması, ilk parlament seçkilərinin keçirilməsi, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu, çoxpartiyalı siyasi sistemin formalaşması, iqtisadi yüksəlişimizin təməlini təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası və beynəlxalq diplomatik əlaqələrin genişlənməsi onun uzaqgörən siyasətinin nəticəsidir. BMT və Avropa Birliyi kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq mühitinin formalaşdırılması və güclü, müasir Azərbaycanın yaradılması Heydər Əliyevin qətiyyəti və vətənə olan sonsuz sevgisinin məhsuludur.
Onun hakimiyyəti dövründə mətbuatda senzura aradan qaldırıldı, məhkəmə islahatları həyata keçirildi, Konstitusiya Məhkəməsi və Ombudsman təsisatı yaradıldı. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan olundu, hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirildi. Həyata keçirilən siyasi və hüquqi islahatlar nəticəsində Azərbaycan həqiqi mənada demokratik-hüquqi dövlətə çevrildi.
Onun rəhbərliyi ilə həyata keçirilən “Bakı-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum” neft-qaz kəmərləri layihələri Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi və regionun sabitliyinə mühüm töhfə verdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan enerji, nəqliyyat və logistika mərkəzinə çevrildi.
Heydər Əliyevin siyasətində gənclər xüsusi yer tuturdu. O, gələcəyin təhsilli, vətənpərvər və milli dəyərlərə sadiq gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə xarici ölkələrdə təhsil alan tələbələr proqramı, elmin və təhsilin inkişafına yönələn dövlət dəstəyi bu gün də öz müsbət nəticələrini verməkdədir.
Ümumilli Lider Azərbaycanın milli ideologiyasının formalaşdırılması, dövlət quruculuğu proseslərinin istiqamətləndirilməsi və ölkənin beynəlxalq aləmdə nüfuz qazanmasında mühüm rol oynamışdır. Azərbaycan Parlamentinin də müasir strukturunun və fəaliyyət prinsiplərinin formalaşmasında Heydər Əliyevin rəhbərliyi əvəzsizdir.
Heydər Əliyev Azərbaycanın qanunvericilik orqanının müasir və effektiv fəaliyyət göstərməsi üçün institusional islahatlar həyata keçirdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası parlamentin hüquq və səlahiyyətlərini genişləndirdi. Heydər Əliyevin təşəbbüsü ilə parlamentin rolu yalnız qanunvericiliklə məhdudlaşmadı, həmçinin dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edən orqan kimi inkişaf etdirildi.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu prosesinin əsasını qoydu. Konstitusiyada qanunverici hakimiyyətin fəaliyyəti, parlamentin tərkibi, seçki qaydaları və hüquqları ətraflı təsbit olunmuşdur.
Ulu Öndər parlament qarşısında Azərbaycanın neft-qaz resurslarının beynəlxalq əməkdaşlıq çərçivəsində istifadəsini təmin edən qanunvericilik aktlarının qəbul edilməsi, Ermənistanın işğalçılıq siyasətinə qarşı dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, sahibkarlığın inkişafına, özəlləşdirməyə və bazar iqtisadiyyatına keçidi təmin edən qanunların qəbulu, milli ideologiyanın inkişafına xidmət edən qanunvericilik aktlarının qəbul edilməsi kimi məsələlər qaldıraraq həllərinə nail olmuşdur.
Ümumilli Lider Heydər Əliyev həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan parlamentinin nüfuzunu yüksəltmiş, onun demokratik təsisat kimi möhkəmlənməsinə zəmin yaratmışdır. Onun rəhbərliyi ilə aparılan islahatlar Azərbaycanın müstəqilliyini və suverenliyini qorumaqda mühüm rol oynamışdır. Bu gün Azərbaycan parlamenti Heydər Əliyevin qoyduğu əsaslara uyğun olaraq ölkənin qanunvericilik sistemini və dövlət idarəetmə mexanizmini inkişaf etdirməkdə davam edir.
Heydər Əliyev sadəcə siyasi lider deyil, həm də xalqının yaxın dostu, dəstəkçisi idi. O, insanlarla birbaşa ünsiyyətdə olmaqdan çəkinməz, onların problemlərini dinləyər və həll yolları axtarardı. Onun “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” prinsipi Azərbaycan siyasətinin əsas sütunlarından birinə çevrilib.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti müasir Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb. Onun irsi bu gün də Azərbaycan xalqı üçün yol göstəricidir. Heydər Əliyevin müdrik siyasəti və xalqına olan sevgisi Azərbaycan dövlətçiliyinin möhkəm təməllərini yaratdı.
Ümummilli Lider Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Onun Vətən qarşısındakı misilsiz xidmətləri, dövlətçilik prinsipləri və uzaqgörən siyasəti bizə milli birliyimizi qorumağı və daha güclü gələcək qurmağı öyrətdi. 12 dekabr günü təkcə dahi liderimizi anmaq deyil, həm də onun ideyalarını yaşatmaq və gələcək nəsillərə ötürmək üçün bir çağırışdır.
Bu gün torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir. Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaqdır.
Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini