Avropa İttifaqına bağlı olan təşəbbüsdə Almaniya, İtaliya, İspaniya, Yunanıstan, Finlandiya, İsveç və Lüksemburqun yeni qurulan 7 süni intellekt fabrikinə ev sahibliyi edəcəyi bildirilib.
Turkustan.az xəbər verir ki, Avropada super hesablama texnologiyaları və tətbiqlərini inkişaf etdirmək məqsədi daşıyan Lüksemburqda yerləşən Avropa Yüksək Performanslı Hesablama Tərəfdaşlığı Təşəbbüsü Aİ-də innovasiyaları artırmaq niyyəti ilə süni intellekt fabrikləri qurmaq üçün 7 ölkənin müəyyən edildiyini açıqladı .
Açıqlamada: "Euro HPC gələn il Avropada yerləşdiriləcək ilk Avropa süni intellekt fabriklərinə ev sahibliyi edəcək mərkəzləri seçdi. Bu süni intellekt fabrikləri Finlandiya, Almaniya , Yunanıstan, İtaliya, Lüksemburq, İspaniya və İsveçdə olacaq" - ifadəsi işlədildi.
Bildirilib ki, təşəbbüs Avropada qabaqcıl süni intellekt modellərini öyrətmək və süni intellekt həllərini inkişaf etdirmək üçün ekosistem yaratmaq məqsədi daşıyır.
"İlk süni intellekt fabrikləri milli və Aİ fondlarını birləşdirən 1,5 milyard avroluq sərmayəni təmsil edəcək"-deyə, məlumatda deyilir.
Açıqlamada sərmayənin yarısının Aİ-nin Rəqəmsal Avropa və "Horizon Europe" proqramları ilə maliyyələşdiriləcəyi, süni intellekt fabriklərinin Avropanın aparıcı tədqiqat və texnologiya mərkəzlərində yerləşəcəyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az