AZ

BDU-nun nəşri olan “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirildi

Bakı Dövlət Universitetinin (BDU) nəşri olan “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib.
 
Moderator.az xəbər verir ki, təqdimat mərasimində BDU-nun rektoru, kitabın ideya müəllifi Elçin Babayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində dərin iz qoymuş görkəmli lider, müdrik siyasətçi və xalqımızın milli inkişaf yolunun əsas memarıdır. Ulu Öndər Heydər Əliyev müdrik və cəsarətli qərarları, xalqımızın və dövlətimizin qüdrətlənməsi naminə apardığı məqsədyönlü və ardıcıl mübarizəsi ilə çoxəsrlik tariximizə əbədi həkk olunub. İllər ötdükcə dahi rəhbərin dövlətimizin və xalqımızın taleyindəki tarixi rolu, xilaskarlıq missiyasının böyüklüyü daha da aydın görünür: “2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi hər birimizdə qürur, böyük minnətdarlıq və ali ehtiram hissləri yaratdı. Məhz “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenliyimiz, ərazi bütövlüyümüz tam bərpa olundu. Qarabağda aparılmış lokal xarakterli antiterror əməliyyatları nəticəsində torpaqlarımızda separatçılığın kökü birdəfəlik kəsildi. Bu nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət və milli ideologiyanın davamıdır. Məhz bu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın qüdrətli, öz şərtlərini diktə edən, regionun taleyini müəyyənləşdirən dövlətlərindən birinə çevrilib”.
 
Rektor bildirib ki, Azərbaycan təhsilinin və elminin aparıcı qüvvəsi olan BDU kollektivi də Universitetin dünya şöhrətli məzunu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan ildə silsilə tədbirlər, beynəlxalq konfranslar keçirib, fundamental kitablar nəşr edib. Bu baxımdan BDU-da nəşrə hazırlanmış “Heydər Əliyev-100: Biblioqrafik məlumat kitabı” özünün zəngin informasiya tutumu, əhatəliliyi, dolğunluğu ilə böyük əhəmiyyətə malikdir: “Universal xarakterli bu biblioqrafik əsər Ulu Öndər Heydər Əliyevin zəngin irsinin tədqiqi və təbliği üçün qiymətli mənbədir. Biblioqrafik göstərici ilk dəfə 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə BDU-nun professoru, Əməkdar elm xadimi Abuzər Xələfov və dosent Solmaz Sadıqova tərəfindən hazırlanıb. Həmin ənənənin davamı olaraq əsər İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqova tərəfindən 2023-cü ildə yenidən işlənilib, eyni zamanda son iki onilliyin nəşrləri əhatə olunmaqla yeni materiallarla  zənginləşdirilib: “Əminik ki, gərgin əməyin, ciddi araşdırmaların nəticəsində meydana gəlmiş bu kitab geniş oxucu kütləsi, müxtəlif elm sahələrində fəaliyyət göstərən alimlər, müəllimlər, tələbələr tərəfindən böyük maraqla qarşılanacaq, etibarlı informasiya mənbəyi olacaq. Kitab Heydər Əliyev irsinin, azərbaycançılıq ideyasının öyrənilməsi və təbliğinə böyük töhfədir”.
 
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi Sultan Rayev isə Ümummilli Liderin tək Azərbaycanın deyil, Türk dünyasının böyük oğlu olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndərin TÜRKSOY-un yaranmasında mühüm rolu olub. Türk dünyası dövlətləri ilə qurulan beynəlxalq əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini daim vurğulayan Ulu Öndər TÜRKSOY-un fəaliyyətinə də xüsusi qayğı göstərib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycanın TÜRKSOY-da daimi nümayəndəsi Elçin Qafarlı, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Qazaxıstan Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqaliyeva, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova çıxışlarında kitabın Ulu Öndərin zəngin həyat və fəaliyyətinin öyrənilməsində qiymətli mənbə olduğunu qeyd ediblər.
 
Kitabın tərtibçisi, İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqova isə vurğulayıb ki, “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nda ümumilikdə 1433 adda mənbənin biblioqrafik təsviri təqdim olunur. Kitab 4 hissədən ibarətdir. Kitabın birinci hissəsi “Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti” adlanır. Burada Ulu Öndərin həyat və fəaliyyətinin salnaməsi xronoloji ardıcıllıqla verilir. Məlumat kitabının “Ümummilli Lider Heydər Əliyevin kitab şəklində çap edilmiş əsərləri (1969-1990-cı illər)” adlı ikinci hissəsi üç yarımbölmədən ibarət olmaqla 1970-2013-cü illəri əhatə edir. Kitabın “Ümummilli Lider Heydər Əliyev haqqında ədəbiyyat” adlı üçüncü hissəsində materiallar 1980-2023-cü illəri əhatə etməklə səkkiz yarımbölmədə təqdim olunur. “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nın “Yardımçı göstəricilər” adlı dördüncü hissəsində Ulu Öndər Heydər Əliyevin əsərlərinin və Ümummilli Lider haqqında yazan müəlliflərin əlifba göstəriciləri verilir.
Seçilən
4
50
moderator.az

10Mənbələr