Hüseyn İbrahimov: “Bütün bunlar Qərbin əsl simasını ortaya qoyur”
Suriyanın ovaxtkı prezidenti Hafiz Əsəd 2000-ci ilin iyununda qəflətən vəfat edəndən sonra tez-tələsik yerinə 34 yaşlı oğlu Bəşər Əsədi seçdilər. O, atasının siyasətini davam etdirdi. İlk dövrlərdə Bəşər Əsəddən islahatlar aparacağı ilə bağlı gözləntilər olsa da, çox keçmədən bunlar sadəcə boş vəd olaraq qaldı.
Əsəd də atasının yolu ilə gedərək Qərbə qarşı olan ölkələrlə dostluq etdi, Qərbin müttəfiqləri ilə düşmənçilik etdi. O cümlədən, Yaxın Şərqdə terrorçu qrupları himayə etdi, bundan bir sıra ölkələrə qarşı, o cümlədən NATO dövləti olan Türkiyəyə qarşı istifadə etdi. Nəzərə almaq lazımdır ki, Suriya 1998-ci ilin ortalarına qədər terror təşkilatı olan PKK-nın başçısı Abdullah Öcalanı öz ərazisində barındırıb.
Bütün bunlarla yanaşı, Bəşər Əsədin prezidentliyi dövründə Ermənistan Suriya ilə çox yaxın əlaqələrə malik olub. Suriyada Əsəd rejiminin Ermənistanla olan əlaqələrini incələyərkən siyasi, hərbi və terror sahələrində yaxından əməkdaşlığın olduğu üzə çıxır. Hətta iki ölkə arasında müttəfiqliyə dair razılaşmalar olub. 2001-ci il avqustun 27-də Ermənistan və Suriya hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə həmin dövrün Müdafiə naziri Serj Sarkisyan tərəfindən Dəməşqdə imzalanıb. Məhz bu müqavilədən çıxış edərək 2019-cu ildə Nikol Paşinyan hökuməti minaların təmizlənməsi məqsədilə Suriyaya 83 hərbçidən ibarət bir kontingent göndərdi. Bu addım rəsmən humanitar missiya kimi təqdim olunsa da, əslində, Əsəd rejiminin legitimliyini artırmaq və onun möhkəmləndirilməsinə yardım etmək məqsədi daşıyırdı. Ermənistan hərbçiləri Suriya hökumətinin ərazilər üzərində nəzarətini bərpa etməsinə yardım edirdi ki, bu da İrəvan ilə Dəməşq arasındakı yaxın əlaqələri vurğulayırdı. Üstəlik, iki ölkənin dövlət başçıları arasında qarşılıqlı rəsmi səfərlər, təbrik məktubları olub. 2009-cu ildə Bəşər Əsəd Ermənistana rəsmi səfər edib. Həmin səfərdə Ermənistanın Apostol Kilsəsinin başçısı II Qaregin Əsədə Müqəddəs Georgi Xaçı mükafatını təqdim edib. Bu mükafat Suriyanın 1915-ci il “erməni soyqırımı”ndan sonra ermənilərə sığınacaq və müdafiə təqdim edən ölkə kimi tanınmasını simvolizə edirdi. Əsəd həmin vaxt bildirmişdi: “Suriya və Ermənistan ortaq tarixi irsi və ədalətə olan səyləri bölüşür”.
2010-cu ilin martında Ermənistan prezidenti Serj Sarkisyan Suriyaya rəsmi səfər etmişdi. Səfər zamanı təmtəraqla qarşılanan Sarkisyan həm də Dəməşq Universitetində “Ermənistan-Suriya münasibətləri” mövzusunda mühazirə oxuyub.
Özünü Qərbə yönəlik siyasət yürüdən bir lider kimi göstərməyə çalışan Nikol Paşinyan, əslində antiqərb mövqeli Əsəd rejimi ilə yaxın əlaqələr saxlayaraq bunu davam etdirib. Ancaq nədənsə, Qərb bütün bunları görmək istəmir.
“Ermənistan rəhbərliyi əmin idi ki, buna görə Qərb onları qınamayacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, bütün bunlar Qərbin əsl simasını ortaya qoyur: “Qərb Ermənistanın Əsəd rejimi ilə yaxınlığını, terroru dəstəklədiyini yaxşı bilir. Sadəcə, işlərinə gəlmədiyi üçün bunu görməzdən gəlirdilər. Əsəd rejimi Qərbə qarşı olan bütün ölkələrlə xüsusi yaxınlıq edirdi. Həmçinin Ermənistanla xüsusi yaxın əlaqələrə malik idi. Ancaq istər vətəndaş müharibəsindən əvvəl, istərsə də vətəndaş müharibəsindən sonra iki ölkə arasında olan bu yaxınlıq sorğulanmadı. Halbuki, Ermənistan əslində Qərbin tərəfində olmalı idi. Tutaq ki, Serj Sarkisyan Rusiyapərəst olduğu üçün bu baş vermədi. Bəs Paşinyan gəldikdən sonra niyə bu siyasət dəyişmədi? Axı Əsədin legitimliyi vətəndaş müharibəsindən sonra ortadan qalxmışdı. Çünki Ermənistan rəhbərliyi əmin idi ki, buna görə Qərb onları qınamayacaq”.
Vidadi ORDAHALLI