AZ

İlqar Ağasiyev: "Hüquqi maarifləndirmənin rəqəmsal həlləri hüquqi şüurun formalaşmasına böyük təsir göstərir"

Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri İlqar Ağasiyev QHT.az-a özə açıqlamasında hüquqi maarifləndirmənin əhəmiyyətini və institutun bu istiqamətdə həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. Şöbə müdiri bildirib ki, hazırda bu istiqamətdə ölkədə aparılan proqramların icrasında fəallıq nümayiş etdirən Hüquq və İnsan Haqları İnstitutu da ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında, hüquqi maarifləndirmənin ictimaiyyətə çatdırılmasında rəqəmsallaşmaya böyük önəm verir:

"Qeyd edək ki, İnstitut 2022-ci ildən publik hüquqi şəxs kimi fəaliyyətə başladıqdan sonra, rəsmi veb səhifəsi üzərindən yeni texnoloji imkanlardan istifadə edərək insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində maarifləndirici məlumatları daha səmərəli, rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırmaq  üçün bir sıra baza sistemləri yaradıb. Bu baza sistemləri, müxtəlif hüquqi resurslara və məlumatlara çıxışı asanlaşdırmaqla yanaşı, vətəndaşların hüquqi biliklərini artırmağa yönəlmişdir.

Bunlarla yanaşı, İnstitut Azərbaycanda hüquq sahəsində nəşr olunan “Hüquq elmi jurnallarının vahid axtarış bazasını”, həmçinin hüququn müxtəlif sahələri və insan hüquqları üzrə ixtisaslaşan “Təlimçilərin vahid elektron axtarış bazasını” da istifadəyə verib. Bu axtarış bazaları həm hüquqşünasların tədris və tədqiqat fəaliyyətlərini asanlaşdırmağa, həm də elmi yenilikləri asanlıqla izləməyə imkan yaradır. Şübhəsiz, mütəmadi yenilənən bu axtarış bazaları, hüquq sahəsindəki məlumatların daha əlçatan olmasını təmin edəcək, hüquqi maarifləndirmənin genişlənməsinə və cəmiyyətin hüquqi şüurunun formalaşmasına böyük təsir göstərəcək".

İlqar Ağasiyev həmçinin bildirib ki, İnstitut qanunvericilik praktikasının təkmilləşdirilməsi proseslərinə töhfə vermək məqsədilə “Praktikaya aid siqnallar sorğusu (PASS) platforması” yaradıb. Onun sözlərinə görə, platforma həm hüquqşünaslara, həm də geniş auditoriyaya qanunlardakı boşluqları aşkara çıxarmaqla yanaşı, qanunların tətbiqinə dair təkliflər vermək imkanı da yaradır:

"PASS platforması qanunların yaratdığı çətinlikləri və problemləri vaxtında müəyyən etməyə və bu sahədə daha doğru və şəffaf qərarların qəbul edilməsinə kömək etməyə dəstək verir. İnstitut, hüquq ədəbiyyatlarını vahid bir bazada toplayaraq “Hüquq və insan haqları virtual kitabxanası”nı yaradıb. 1684 hüquqi vəsaiti olan bu kitabxana, istifadəçilərə müxtəlif hüquq sahələri ilə bağlı resurslara asanlıqla çıxış imkanı təqdim edir. 2023-cü ilin may ayından bu günə qədər virtual kitabxanadan  geniş auditoriya tərəfindən 500.000-dən çox yükləmə aparılıb. Eyni zamanda, İnstitut şəhər və regionlarda fəaliyyət göstərən dövlət qurumlarının və yerli strukturların əlaqə vasitələrini interaktiv bir xəritə üzərində əks etdirən “Rəqəmsal insan hüquqları resurs xəritəsi”ni də hazırlayıb. Xəritə, vətəndaşların, xüsusilə gənclərin hüquq xidmətlərinə daha rahat və sürətli şəkildə çıxışını təmin edir".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
16
2
qht.az

3Mənbələr