2024-cü ilin yekunlarına dair Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) hesabat iclası keçirilib.
MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun sədrliyi ilə keçirilən iclasda AMEA-nın vitse-prezidenti v.i.e., akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi texnika elmləri üzrə fəlsəfə doktoru Rəna Qasımova və kitabxana əməkdaşları iştirak ediblər.
MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov cari ildə görülmüş işlər barədə və MEK-in yenilikləri haqqında məlumat verərək elektron kataloq və elektron kitabxananın müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb. MEK-in artan maddi-texniki bazası sayəsində elektronlaşmanın daha da sürətləndiyini qeyd edən direktor rəqəmsallaşan sənədlərin sayında diqqət çəkəcək dərəcədə artım olduğunu vurğulayıb.
Direktor, o cümlədən Mərkəzi Elmi Kitabxananın strukturunda edilən dəyişikliklər, xidmət işini təkmilləşdirmək məqsədilə fondlardan oxucuların verdiyi sənəd sifarişinin vaxtının uzadılması, MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədilə hər ay keçirilən “Açıq qapı günləri”, Elmlər Akademiyası sistemində ilk dəfə Mərkəzi Elmi Kitabxanada yaradılmış könüllülük fəaliyyəti, kitabxanada qorunan akademiklərin çoxsaylı kolleksiyaları əsasında MEK-də xüsusi olaraq yaradılan “Akademiklər kitabxanası”, AMEA Ədəbiyyat İnstitutu, MEK-də yaradılan “İraq-türkman kitabxanası” haqqında məlumat verib.
Müəssisənin hesabat məruzəsində ölkə başçısının Sərəncamlarına müvafiq olaraq Mərkəzi Elmi Kitabxanada görülən tədbirlərin icra vəziyyəti və qarşıda duran vəzifələrə diqqət yetirilib. Bu sırada "Azərbaycan ekologiyası", "Naxçıvan Muxtar Respublikası – 100" biblioqrafik göstəriciləri, "Azərbaycanın milli parkları, təbiət qoruqları və yasaqlıqları" soraq- biblioqrafik məlumat kitabı nəşr edilib, “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat” məlumat kitabı, “Məhəmməd Əmin Rəsulzadə və müstəqil Azərbaycan” adlı tədris-metodiki vəsait hazırlanıb. Bundan əlavə, “Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol” adlı silsilə dəyirmi masalar təşkil edilib, təbii resurslara qənaət etmək, tullantıların miqdarını minumuma endirmək məqsədilə “Hər kağızı bir yarpağa dəyişək – təbiəti qoruyaq” adlı aksiyası, “Füzuli günləri” layihəsi keçirilib, tədbirlərin keçirilməsi istiqamətində 45 ənənəvi və virtual kitab sərgiləri, video – roliklər hazırlanıb.
İclasda AMEA Rəyasət Heyətinin qərarları əsasında 2024-cü il ərzində 11 nəşrin işıq üzü gördüyü, 3 sayda çapda olan və 11 ədəd çapa hazırlanan şəxsi biblioqrafiyaların olduğu qeyd edilib.
Hesabatda 2024-cü ildə kitabxana işi üzrə göstəricilər, kataloq-kartoteka sistemi, eləcə də MEK-də elmi konfransların təşkili və müxtəlif konfranslarda əməkdaşların çıxışları, xarici ölkələrin elm və dövlət nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, digər məsələlər barədə də məlumat verilib.
Çıxışının sonunda direktor Hüseyn Hüseynov cari ildə əldə edilmiş nailiyyətləri MEK əməkdaşlarının birgə fəaliyyətinin uğurlu nəticəsi kimi dəyərləndirərək, kollektivə öz təşəkkürünü bildirib.
İclasın sonunda akademik Gövhər Baxşəliyeva kitabxananın böyük ənənələrə malik olduğunu və MEK-in 2024-cü ildəki fəaliyyətinin müasir standartları əhatə etdiyini söyləyərək hesabatı müsbət qiymətləndirib. Tex.e.ü.f.d. Rəna Qasımova öz növbəsində, kitabxanada ölkə üçün əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdıraraq, hər kəsə uğurlar arzulayıb.
Sonda MEK-in nəşrlərindən və kitabxana haqqında məqalələrin dərc olunduğu qəzetlərdən ibarət sərgiyə baxış keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi