AZ

FIFA DÇ-2030 və DÇ-2034 ilə bağlı yekun qərarını açıqladı

FIFA 2030 və 2034-cü illərdə baş tutacaq futbol üzrə dünya çempionatlarının (DÇ-2030 və DÇ-2034) keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumunun bu gün onlayn şəkildə növbəti konqresi keçirilib.

Tədbirdə AFFA-nın prezidenti Rövşən Nəcəf və icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak ediblər. Onların da onlayn olaraq qatıldığı FIFA-nın Növbədənkənar Konqresində DÇ-2030-a və DÇ-2034-ə ev sahibliyi edəcək ölkələrin adları bəlli olub.

2030-ci ildə baş tutacaq mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi təsdiqlənib. 2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında təşkilinə qərar verilib. Asiya ölkəsində yay aylarındakı istini nəzərə alaraq, turnirin qışda təşkil olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, 2030-cu ildə baş tutacaq dünya çempionatı turnirin 100 illik yubileyi münasibətilə müxtəlif ölkələrdə təşkil olunacaq. Bu səbəbdən ilk dəfə olaraq yarışa 6 ölkə ev sahibliyi edəcək.

Xatırladaq ki, 2026-cı ildəki dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Seçilən
12
arena.az

1Mənbələr