AZ

Qərbi Azərbaycan Xronikası: Qıpçaqvəng kompleksində abidələri dağıdıb, erməni kilsəsinə çeviriblər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qıpçaqavəngdə olan kitablar qıpçaq dilində, erməni əlifbası ilə yazılıb” adlı veriliş efirə gedib.

Xəbər verilir ki, verilişdə Şörəyel mahalının Ərtik bölgəsindəki Qıpçaq kəndindəki vəngin, arman-türk xristian məbədinin saxtalaşdırılan tarixindən, Çar Rusiyasının əli ilə ermənilərin qıpçaq tarixinə sahib çıxmasından, erməni tarixçi və araşdırmaçıların bununla bağlı etiraflarından bəhs olunur.

Bildirilir ki, XIX əsrdə erməni vilayətinin yaradılması ilə Çar Rusiyası Mxitaristlərə erməni tarixini yazmağı tapşırıb. Türklər tenqriçi məbədlərini kilsələrə çevirib, duaları türk dilində ediblər. Erməni katolikosu etiraf edib ki, xristianlığı albanlardan 270 il sonra qəbul ediblər. XIX əsrdən başlayaraq ermənilər qıpçaq və alban kilsələrini dağıdaraq, saxtalaşdırıb erməni abidəsi ediblər. “Qıpçağavəng” məbədlər kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər.

Qeyd olunur ki, 1850-ci ildə ermənilər vandallıq edərək Qıpçaq məbədi ənənəsini dağıdıb, Hariçvank, yəni qədim türk ritualları icra olunan yerdə xristian məbədi tikiblər. Erməni tarixçiləri etiraf edirlər ki, “Qıpçaq ermənisi” anlayışı uydurmadır, gerçəyi əks etdirmir. Yalandan “Erməni-qıpçaq” dedikləri xristianlığı qəbul edən qıpçaqlardır.

Diqqətə çatdırılır ki, “Qıpçağavəng” monastrında olan kitablar qıpçaq dilində erməni əlifbası ilə yazılıb. Dünyada ilk “Qıpçaq kitabı” 1618-ci ildə qıpçaq dilində erməni hərfləri ilə çap olunub. Ermənilər gürcü çarı Tamaranın adından istifadə edib qıpçaq tarixini saxtalaşdırıblar.
Erməni araşdırmaçıların sözlərinə görə, Qıpçaq kəndində yaşayan ermənilər özlərini qazaxların törəməsi hesab edirlər. Ermənilər bu kəndə 200 il qabaq gəlib və vəngi qıpçaqlar tikiblər.

Xristian qıpçaqlarına haylar “dönmə” deməklə dəqiq sərhədləri müəyyən ediblər. Ermənilərə qarışan xristian qıpçaqlar türk adətləri ilə yaşayırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. “Report” 



Seçilən
31
3
azia.az

4Mənbələr