Heydər Əliyev təkcə Azərbaycanın dövlətçilik tarixinin banisi deyil, həm də ölkəmizin müstəqillik yolundakı ən çətin məqamlarda xalqımıza dayaq olan qüdrətli lider olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan Respublikası siyasi, iqtisadi və sosial sahələrdə böyük inkişaf yoluna qədəm qoymuş, xalqımızın milli birliyi və suverenliyi təmin edilmişdir.
Ulu öndərin Qarabağ məsələsində prinsipial mövqeyi, Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə göstərdiyi qətiyyət, xalqımızın bu gün əldə etdiyi tarixi Zəfərin təməlində duran əsas amillərdən biri olmuşdur.
Heydər Əliyevin siyasəti yalnız Azərbaycanla məhdudlaşmamış, o, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmişdir. Onun uzaqgörən diplomatiyası Azərbaycanın dünya birliyində nüfuzunu artırmış, ölkəmizin strateji əhəmiyyətini möhkəmləndirmişdir.
Bu gün biz, şəhid ailələri və qazilər, Heydər Əliyevin bizə miras qoyduğu ideyalara sadiq qalaraq, onun yolunu davam etdiririk. Azərbaycanın müstəqilliyinin qorunması, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gənc nəsillərin milli ruhda tərbiyə olunması onun qoyduğu ən qiymətli irslərdəndir.
Heydər Əliyev hər zaman milli birliyimizin, dövlətimizin gücünün və xalqımızın qürurunun simvolu olmuşdur. Onun anım günü yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə doğru bir çağırışdır. Bu çağırış bizə milli həmrəyliyimizi qorumağı, dövlətimizi gücləndirməyi və hər zaman onun yolunda olmağı öyrədir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin idarə heyətinin sədri Mehdi Mehdiyev və vetennamine.az saytının baş redaktoru Aris Məmmədov, Ulu Öndərimizin əziz xatirəsini böyük ehtiram hissi ilə anırlar. Allah rəhmət eləsin!