AZ

Qurban Qurbanov: "Elfsborq"la oyunda çox güc sərf etməli olacağıq"

Görüşdə çox güc sərf etməli olacağıq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin "Elfsborq" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:

"Hər iki komanda üçün vacib qarşılaşmadır. Avropa Liqasında 2024-cü il üçün sonuncu oyun olacaq. Rəqib komandanın baş məşqçisi Oskar Hilyemarkın "Qarabağ"la bağlı fikirləri ilə tanış oldum. Bizimlə oyuna çox ciddi hazırlaşırlar və səbirsizliklə bu matçı gözləyirlər. Xüsusi ilə səliqəli oyun nümayiş etdirməliyik. Çalışacağıq ki, bizə sərf edən nəticəni qazanaq. Sabahkı qarşılaşmaya tam olmasa da, hazırıq”.

O, Ağdam təmsilçisinin heyətində itkilərin olduğunu söyləyib:

"Heyətlə bağlı müəyyən çatışmazlıqlarımız mövcuddur. Xüsusi ilə də müdafiə xəttində zədəli oyunçularımız var. Bəhlul Mustafazadə və Kevin Medina komandamıza kömək edə bilməyəcəklər. Medina oynamasa da, bizimlə İsveçə gəlib. Hətta, başqa oyunçularımızda da mikrozədələr var. Həmin futbolçuların meydana çıxıb-çıxa bilməyəcəklərini sabah bizə həkimlər deyəcək. Nəzərə alsaq ki, "Elfsborq"un meydanı suni ot örtüklüdür. Bu, oyunçuların zədəsini daha da ağırlaşdıra bilər".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
37
1
azerforum.com

10Mənbələr