AZ

“Uğura ac, ayıq-sayıq və əzmkar deyil” – Kloze Mahirdən şikayətləndi!

Mahir Emreli bizi qolla sonuncu dəfə noyabrın 3-də, “Nürnberq”in Almaniyanın 2-ci bundesliqasının 11-ci turu çərçivəsində “Hamburq”un qonağı olduğu matçda sevindirib. O, bununla komandasının səfərdən məğlub qayıtmasına əngəl olub - 1:1.

Həmin matçdan sonra daha 4 dəfə start heyətində meydana çıxan, hər birində azı 70 dəqiqə oynayan hücumçu cəmi bir məhsuldar ötürmə müəllifi ola bilib. Halbuki Mahir qolları sıralayanda əksəriyyət onun uğurlarını davam etdirəcəyini düşünürdü. Təbii ki, futbolçunun performansında yaşanan eniş təkcə bizim yox, həm də Almaniya mətbuatının diqqət mərkəzindədi. Axı həmvətənimiz ilk oyunlarda qazandığı uğurlarla özünə yaxşı mənada tanıdıb, həmçinin gözləntiləri artırıb. Əbəs deyil ki, indi baş məşqçisi Miroslav Kloze belə deyir:

“Mahir son oyunlarda uğura ac, ayıq-sayıq və əzmkar deyil. Mənə elə gəlir ki, nəyisə əskik edirik. Komanda olaraq zəif oyun göstəririksə, bunu bir-iki nəfərin səhviylə əlaqələndirmək doğru olmaz. Məhz Mahirin geriləməsiylə razılaşmıram”.

Yeri gəlmişkən, Mahir meydana çıxdığı son matçda “Elversborq”a qarşı forma geyib. O, komandasının səfərdə keçirdiyi görüşdə qapıya 4 zərbə ilə yadda qalıb. Oyun ərzində ən yüksək sürəti 31,7 km/saata çatıbsa, 3 hava duelindən qalib ayrılıb. İki dəfə əllə oynayan, bir dəfə rəqibə qarşı kobud müdaxiləylə yadda qalan futbolçu sarı vərəqə ilə cəzalandığına görə növbəti matçda komandasına yardım edə bilməyəcək. Emreli matç ərzində uğurlu driblinqə imza ata bilməyib. Həmyerlimiz 8 təkbətək mübarizənin yalnız birindən qalib ayrılıb.

Qeyd edək ki, “Nürnberq” dekabrın 15-də keçiriləcək matçda “Köln”ün qonağı olacaq.

KƏNAN BAHADIR
Seçilən
43
football-plus.az

1Mənbələr