AZ

İyirminci əsrdə geriyə baxış: Şəxsiyyət və peşəkarlıq

“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyerin 5 dekabr 1999-cu ildə – istirahət günündə iş başında olan Heydər Əliyevdən aldığı müsahibə həmin jurnalın 1999-cu il saylarında ingilis dilində dərc edilib. Müsahibənin aktuallığını nəzərə alaraq ilk dəfə ingiliscədən Azərbaycan dilinə tərcüməsini oxuculara təqdim edirik. 

Betti Bleyer: Mən sizdən əksər jurnalistlərin siyasi və regional hadisələr haqqında soruşduğu ənənəvi sualları deyil, daha çox şəxsi həyatınız, tərbiyəniz, bu əsrin yarısından çoxuna rəhbərlik etdiyiniz xalqınız haqqında soruşmaq istərdim. 

Heydər Əliyev: Buyurun, başlayaq.

Betti Bleyer: Gəlin, uşaqlıqda sizin həyatınızı və karyeranızı formalaşdıran bəzi maraqlarınızdan, həyat təcrübələrinizdən başlayaq.

Heydər Əliyev: Mən uşaq olanda nə vaxtsa böyük bir lider olmaq haqqında fikirləşmirdim. Düşünmürdüm ki, siyasətlə məşğul olacağam və bir dövlət xadiminə çevriləcəyəm. Mən hətta gələcək haqqında fikirləşmirdim. Sadəcə, məktəbdə oxuyanda var gücümlə bəzi əsas biliklərə yiyələnməyə və əla qiymətlər almağa çalışırdım. Təhsilimə gəlincə isə, deyə bilərəm ki, məni tamamilə intizama öyrətdilər. 

Atama və anama gəldikdə, onlar mənim həyatıma hərtərəfli təsir etdilər. Anam yeddi övladı tərbiyə etdi. Atam lokomotiv sürücüsü kimi dəmir yolunda işləyirdi. Ancaq onlar çox gözəl insani keyfiyyətlərə malik idilər. Doğrudur, bizim həyat şəraitimiz çox çətin idi, ancaq mən bizim xoşbəxt olmadığımızı xatırlaya bilmirəm. Fikirləşirdik ki, bizim vəziyyətimiz və şəraitimiz Allah tərəfindən bizə verilib və biz bu şəraitimizi olduğu kimi qəbul edirdik.

Sovet dövründə biz – uşaqlar bacardığımız müxtəlif fəaliyyətlərlə məşğul olmaq üçün Pionerlər Evinə gedərdik. Mən orada çox fəal idim. Şahmat oynamağa və musiqi dərslərində iştirak etməyə başladım. Atam kasıb idi, mənə tar [ənənəvi simli alət] almağa imkanı olmadı, ona görə də Pionerlər Evinə getdim və orada məşq etdim.

Lakin mənim ən böyük marağım teatra idi. Baxmayaraq ki, böyüdüyüm Naxçıvan – kiçik bir müsəlman şəhəri, əyalət idi, ancaq orada çox yüksək səviyyəli mədəniyyət var idi. Bizim teatr ənənəmizin yüz ildən artıq yaşı var. Siz təsəvvür edə bilərsinizmi ki, çox keçmişdə orada teatr ənənəsi vardı? Bu tamamilə böyük bir nailiyyət idi. Məsələn, Naxçıvanın cənubundan təxminən üç saatlıq məsafədə olan, əsasən azərbaycanlıların məskunlaşdığı böyük İran şəhəri Təbrizin bu günə kimi hələ də bir teatrı yoxdur. İndiyə kimi, Naxçıvan bu ənənəni davam etdirir. Başqa sözlə desək, baxmayaraq ki, orada 
sizin ziyalı adlandırdığınız cəmi bir neçə adam var idi, onlar teatrı yaratmışdılar. Mən 12 və 13 yaşımda teatra çox gedərdim.

Bəzən teatra bilet almağa pulum olmurdu, lakin uşaq olduğum üçün biletsiz içəri daxil olmağıma icazə verirdilər. Bu mənim üçün böyük bir hadisə idi. Belə hadisələr uşaqlıq dövrümün ən əziz xatirələrindəndir. Naxçıvan teatrının mənim üzərimdə dərin təsiri vardı. Çox keçmədi, mən Pionerlər Evində teatrla məşğul olmağa başladım. Bizim klubumuzun rəhbəri Naxçıvan teatrının aparıcı aktyorlarından biri idi.

Bir müddət sonra, mənə bir neçə əsas rol tapşırıldı. Məsələn, Azərbaycan teatrının banisi Mirzə Fətəli Axundzadə ölkəmizdə ilk dram əsərini yazmışdı. Onun “Sərgüzəşti vəziri-xani-Lənkəran” əsəri var. Bu yaxınlarda haradasa qəzetlərdən oxudum ki, bu əsər yenə də teatrda səhnəyə qoyulur, lakin biz onu səhnələşdirəndə mən baş rolu sona qədər oynadım. Əlbəttə, biz bütövlükdə əsəri tam şəkildə oynaya bilməzdik – yalnız iki və ya üç hissəni oynadıq. Mənim onda 14, yaxud 15 yaşım olardı. Sonra biz iki pərdədə “Hamlet”i səhnəyə qoyduq. Mən Hamleti oynadım.

Betti Bleyer: Yəqin ki, Azərbaycanca?

Heydər Əliyev: Bəli, “Hamlet” əsəri Azərbaycan dilinə tərcümə edilmişdi. Mən ingiliscə danışmırdım. Naxçıvanda o dövürdə heç kim ingilis dilini bilmirdi. Mən həmçinin çox yaxşı rəsm çəkməyi bacarırdım və rəssamlığa başladım. Eskizlərim orta məktəbdə təşkil olunan müsabiqələrdə həmişə birinci yeri tutardı. Ola bilsin ki, bizim ailəmizdə bir növ istedad var idi, çünki məndən böyük qardaşım rəssam oldu. Mən orta məktəbdə oxuyanda, o, Leninqrada [Sankt-Peterburq] İncəsənət İnstitutunda təhsil almağa getdi. O, tətillərdə evə gələndə təbiət mənzələrinin rəsmini çəkərdi. Mən də ondan əl çəkməzdim və beləcə rəsmlər çəkməyə başladım. Gördüm ki, rəsm çəkməyi də olduqca yaxşı bacarıram. Beləliklə, orta məktəbi bitirənə kimi mən rəssam olmağı düşünürdüm. Ancaq o vaxt Azərbaycanda İncəsənət İnstitutu yox idi, beləliklə, gələcəkdə təhsil almaq və təcrübə qazanmaq üçün mənim başqa yolum olmadı. On altı yaşımda Naxçıvanı tərk etdim və Bakıya gəldim.

Betti Bleyer: O zaman belə bir addım atmaq qeyri-adi hal idi? 

Heydər Əliyev: Əlbəttə. Hər şeydən əvvəl, ona görə ki, Bakı ilə Naxçıvan arasındakı məsafə də çox uzaq idi. Üç gün qatarla yol getməli idin, çünki Naxçıvanla Bakı arasında birbaşa hərəkət edən qatar yox idi. İrəvana getməliydin, oradan Tbilisiyə və sonra qatarları dəyişib Bakıya getməli olurdun. Mən çox vaxt tətillərdə dəmiryol stansiyalarında yatmışam.

Betti Bleyer: Kim bu həyat hekayəsinə inana bilər?

Heydər Əliyev: Bəli. Bu, həqiqətdir. Sonra mən Bakıya gəldim və universitetdə memarlıq ixtisasında təhsil aldım.

Betti Bleyer: Siz Bakıya tək gəldiniz? Ailəniz sizi müşayiət etdi?

Heydər Əliyev: Tək özüm. Tətillərdə Naxçıvana qayıdardım. Mən həmişə müstəqil olmuşam.

Betti Bleyer: Niyə siz Naxçıvanı tərk edib Bakıya gəldiniz?

Heydər Əliyev: Çünki Naxçıvanın universiteti yox idi və mən təhsilimi davam etdirmək istəyirdim, qardaşım o zaman Bakıda yaşayırdı. O, alim oldu və Milli Elmlər Akademiyasında işləyirdi. Mən memarlıqla maraqlanırdım və arxitekturanı çox sevirdim. Mən memar olmaq üçün təhsil almağı planlaşdırmışdım. Başqa bir məsələni mütləq yada salmalıyam. Biz Naxçıvanda Azərbaycan dilində təhsil almışdıq, lakin Bakıda universitetdə memarlıq ancaq rus dilində öyrədilirdi. O vaxt professorların hamısı Rusiyadan gəlmişdi. Mən rusca çox pis danışırdım. Bu, mənim üçün çox ciddi bir problem idi və qəbul olunmayacağıma görə, çox narahat idim. Ancaq böyük qardaşım təkid etdi ki, tədricən rus dilini daha yaxşı öyrənməliyəm. O vaxtlar Bakıdan kənarda rus dilində danışan çox az azərbaycanlı var idi.

Mən rus dilini tam öyrənməyə müvəffəq oldum və universitetin memarlıq fakültəsinə daxil oldum. Yataqxanada tək özüm yaşayırdım. Mənim çoxlu maddi ehtiyac-
larım var idi, ona görə ki, ailəmiz çox böyük olduğundan atamın mənə pul göndərməyə imkanı yox idi. Tələbə təqaüdü almağıma baxmayaraq, bu mənim yaşayış xərclərimi ödəmək üçün kifayət etmirdi.

Qardaşım mənə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda başqa bir iş tapmağa kömək etdi. Mən axşamlar yeni işimə gedərdim və xəritələrin surətlərini çıxarıb gecə yarısına qədər işləyərdim. Bu daha asan iş idi və mənə bir az pul qazanmaq imkanı verirdi. Bax, mən bu cür yaşayırdım. 

Universitetdə mən yenidən dramla məşğul oldum. Birinci kursdan sonra, mənə yenə də bir neçə baş rollar oynamağı tapşırdılar. Teatr mənə böyük təsir etdi. Bu rolları oynamaq mənə əsərlərin daha dərin mənasını başa düşməyə kömək etdi. Bu günə qədər mən teatrı çox sevirəm.

1941-ci ildə müharibə başladı. Üçüncü kursda idim, lakin orduya çağrıldım və Milli Təhlükəsizlik Nazirliyinə göndərildim. Təxminən, bir il ərzində leytenant rütbəsi aldım. Mən təhlükəsizlik sistemində qalaraq orada 25 il çalışdım... Mən çox uğur qazandım və nəticədə mənə general rütbəsi verildi. Həmçinin o sistemdə mən çox yüksək qiymətləndirildim, çünki siyasi bilik çox vacib idi.

1969-cu ildə Azərbaycana rəhbər seçildim. Ancaq sizin ilkin sualınıza qayıdaq, başqa sözlə desək, mən gəncliyimdə hərbi və təhlükəsizlik, siyasi partiyalar və dövlət işilə məşğul olmaq niyyətində olmamışdım. Mən, sadəcə rəssam və ya memar olmaq istəmişdim. Lakin həyat məni fərqli bir yola apardı. Məlum oldu ki, mənim həmçinin digər sahələrdə də istedadım vardır, ancaq mən bu işlərə başlamamışdan əvvəl bunu bilmirdim. 

Betti Bleyer: Məhz buna görə də siz hələ də incəsənətə belə həssassınız.

Heydər Əliyev: Bəli. İncəsənət mənə çox əzizdir.

Betti Bleyer: Musiqi, memarlıq və incəsənət. 

Heydər Əliyev: Bəli. Mən incəsənəti çox sevirəm. Sonra mən 14 il Azərbaycanın rəhbəri oldum. Bu, təsadüfən baş vermədi, belə təcrübədən sonra Moskvaya Kremldə işləməyə təyin edildim. Əlavə edə bilərəm ki, böyük Sovet imperiyası tarixində yeganə hadisə idi ki, bir azərbaycanlı – bir müsəlman Siyasi Büroya vəzifəyə təyin olunmuşdu.

Betti Bleyer: Siz çoxlu qərəz və ayrı-seçkiliklə rastlaşdınızmı?

Heydər Əliyev: Bəli, əlbəttə, çünki mənim kimi bir şəxsin Moskvada yüksək vəzifədə olması qeyri-adi bir hal idi. Bu bir həqiqətdir ki, Moskvada Siyasi Büroda, həmçinin şovinistlər də var idi. Onlar qısqanc
idilər, çünki düşünürdülər ki, ancaq ruslar yüksək vəzifələrdə olmalıdır. Xatırlayıram ki, Amerika jurnallarından birində – “Taym maqazin”də [Time Magazine] 1983, yaxud 1984-cü illərdə mənim haqqımda bir məqalə dərc olundu. Məqalədə yazılmışdı ki, Heydər Əliyev Andropovun ölümündən sonra Sovet İttifaqına başçılıq etmək üçün ən səriştəli və layiqli şəxsdir. Ancaq məqalədə qeyd olunmuşdu ki, müsəlman olduğuma görə, mənə heç vaxt Sovet İttifaqına rəhbərlik etməyə icazə verilməyəcək.

Yenidən Andrapovun və sonra Çernenkonun ölümündən sonra, Qərb mətbuatında mənim Sovet İttifaqına rəhbərlik etmək üçün çox qiymətli və layiqli namizəd olduğumla bağlı yazılar – bəzi məqalələr dərc olundu. Həmin məqalələr, hətta mənə qarşı olan qısqanclığı daha da alovlandırdı. Elə gücləndirdi ki, 1987-ci ildə Siyasi bürodan istefa vermək məcburiyyətində qaldım. 

Mənim xatırlayacağım daha bir jurnal məqaləsi vardı. Bu Amerikanın jurnalı idi. Jurnalda yazılmışdı, (Mən həmin sitatı rus dilində təkrar edəcəm). “Siyasi büronun yuxulu üzvləri arasında Heydər Əliyev Hollivud ulduzuna bənzəyir”. Bax, mən siyasətlə məşğul olmağa bu cür başladım.

Müəyyən etmək çox çətindir ki, uşaqlıqda xüsusi nəsə baş verib və bu, məni siyasətçi olmağa məcbur edib. Ən əsası bu idi ki, mən çox gərgin çalışırdım. Görürsünüz, siz mənimlə bu gün–bazar günündə görüşürsünüz. Heç kim nə Amerikada, nə də Moskvada bazar günləri işləmir. Ancaq burada, mənim iş yerimdə mən özümü və ətrafımda mənimlə işləyən bütün bu insanları bazar günü işləməyə məcbur edirəm.

Betti Bleyer: İcazə verin, sizdən Sovet İttifaqının süqutu haqqında soruşum. Mənə çox maraqlıdır ki, siz bunun baş verməsini gözləyirdinizmi? 

Heydər Əliyev: Düzünü desəm, bu sualı bundan əvvəl də dəfələrlə mənə veriblər. 1987–1988-ci illər ərzində mən artıq hiss etdim ki, Sovet İttifaqı dağılmağa doğru gedir. Mən 1987-ci ildə istefa verəndən sonra, üç il (1988–1990) Moskvada evdə oldum və işləmədim. Real yanaşsaq, az miqdarda təqaüdümlə yaşayırdım. Övladlarım daha gənc idi, nəvələrim isə çox kiçik idi. Bu elə bir vaxt idi ki, mənim hadisələri daha diqqətlə izləmək imkanım oldu. Əmin oldum ki, Sovet İttifaqı süqut ərəfəsindədir. Lakin sizə həqiqəti deyim, heç vaxt təsəvvür etməzdim ki, Sovet İttifaqı belə tez süqut edəcək – İttifaq həqiqətən gecəyarısı dağıldı.

Məncə, mənim həyatım iki hissəyə bölünüb. Birinci mərhələyə 1990-cı ilə qədərki fəaliyyətim daxildir. Mən bu haqda artıq qısaca danışdım – necə təhsil aldım, işə başladım və nəticədə Siyasi Büroda yüksək bir vəzifəyə irəli çəkildim. İkinci mərhələyə isə 1990-cı ilin [Qanlı Yanvar] hadisələri ilə başlayan, on il ərzində baş vermiş hadisələr aiddir.

Qorbaçovun və Siyasi Büronun himayədarlığı ilə Sovet İttifaqında törədilən 1990-cı ilin Qanlı Yanvar faciəsi zamanı, xüsusilə mənim ölkəmə və xalqıma qarşı olan təcavüz məni lap çox məyus etdi. Məhz ona görə, mən Kommunist Partiyasından istefa verdim. Baxmayaraq ki, daha sonra bu adi hala çevrildi, o zaman belə bir addım atmaq çox qeyri-adi hadisə idi 

Betti Bleyer: Xüsusilə belə yüksək səviyyədə.

Heydər Əliyev: Əlbəttə. Xəbər bütün dünyaya yayıldı. 

Betti Bleyer: Beləliklə, siz Kommunist Partiyası ilə əlaqələrinizi o səviyyədə kəsən ilk şəxs idiniz?

 Heydər Əliyev: Bəli, hətta onlar məni təqib etməyə başladılar. 21 yanvarda, o vəhşiliklər başlayandan sonra, mən Moskvada Azərbaycana qarşı törədilmiş təcavüzü pisləyən, ittiham edən bir çıxış etdim. Mən Bakıya qarşı törədilmiş bu hərbi təcavüzü –
Sovet höküməti və Kommunist Partiyası tərəfindən öz əhalisinə qarşı hərbi təcavüz hesab etdim. Mənim Kommunist Partiyasından istefa verməyimin səbəbinə dair bəyanatım qəzetlərdə dərc olundu. O hadisələr məni, o vaxta qədər – bütün həyatım boyu xidmət etdiyim Kommunist Partiyasına qarşı etiraz etməyə məcbur etdi.

Məsələn, 1990-cı ildən sonra mənim həyatım öz axarı ilə getmədi. Mən çoxlu çətinliklərlə üzləşdim. Dəfələrlə onlar məni devirməyə və həyatıma sui-qəsd etməyə cəhd etdilər. Ancaq Tanrı məni xilas etdi. Məsələn, mənim Qanlı Yanvar haqqındakı bəyanatımdan sonra, onlar Moskvada məni həbs etməyə cəhd etdilər. Mən 1990-cı ilin yayında böyük çətinliklə Moskvadan Azərbaycana gəlməyi bacardım.

Betti Bleyer: Siz mənə daha çox detalları deyə bilərsinizmi?

Heydər Əliyev: Çətinlik belə idi ki, mən ev dustağı idim və bütün telefonlarım dinlənilirdi, 1990-cı ildən sonra, mənim hər anım izlənilirdi. Bir neçə dəfə mən Bakıdakı qardaşıma oraya qayıtmaq istədiyimi demək üçün zəng etdim. Tanışlarımdan birini təyyarə bileti almaq üçün göndərdim, ancaq hardansa hakimiyyət orqanları bunu bildi. Liqaçov [Mərkəzi Komitənin katibi Yeqor Liqaçovu nəzərdə tutur – S.A.] mənə zəng etdi. Həmin vaxt o, Kommunist partiyasında ikinci səlahiyyətli şəxs idi. Siyasi Büronun bir neçə başqa üzvü də mənə zəng etdilər və onlar mənim Azərbaycana getməyimə mane olmağa çalışırdılar. Mən onlardan soruşdum, niyə onlar mənə deyirlər ki, Azərbaycana qayıtmağım oradakı stabilliyi poza bilər. Mən dedim ki, onların mühakimələrini başa düşə bilmirəm. Bununla yanaşı, onlar iki dəfə mənim qayıtmağıma mane oldular.

Onda, həm Moskvadakı, həm də Bakıdakı rəhbər şəxslər mənim geri qayıtmağımı istəmirdilər. 1990-cı ilin mayında, bir gün, nəhayət mən geri qayıtmağa qərar verdim. Moskvanı tərk etməmişdən bir gün əvvəl, onlar mənim yaxın tanışlarımdan birini- bir naşiri öldürdülər. Dostumun adı Xanbabayev [Əjdər Xanbabayevi nəzərdə tutur – S.A.] idi. Onlar onu öldürdülər, çünki o mənimlə birbaşa telefon əlaqəsi saxlamışdı və mən ona nə vaxt Bakıya qayıdacağımı demişdim. O, Bakıdakı ziyalıların yanına getdi və onları bir yerə topladı, beləliklə, onlar məni qarşılamaq üçün aeroporta gəlməli idilər. Həmin gecə, o, evə qayıdarkən, avtomobili saxlanılır və onun başına tapança ilə atəş açıb, öldürürlər.

Azərbaycanda rəhbərliyə yaxın olan adamlar qardaşıma bu məlumatı mənə çatdırmağını deyirlər: “Əgər Heydər Əliyev bura gələrsə, o da öldürüləcək. Beləliklə, mən Bakıya uçuşumu təxirə salmağı qərara aldım. Vəziyyəti öyrəndim və başqa şəxsin adına bilet aldım. Məni gizlincə aeroporta apardılar. 

Ancaq təyyarəyə minəndə onlar mənim kim olduğumu başa düşdülər, O vaxt məni tanınmasınlar deyə, üzümü gizlədirdim. Beləliklə, mən Bakıya bu cür gəldim. Ancaq burada da onlar mənə yaşamağa icazə vermirdilər. Bakıda yalnız üç gün qaldım və sonra Naxçıvana uçdum. Orada mən üç il müddətində yaşadım. 1993-cü ildə Bakıya qayıdana qədər Naxçıvanda qaldım. 

Betti Bleyer: O zaman bütün həyatınızı verdiyiniz bu sistem sizə üz çevirəndə, yəqin ki, özünüzü məyus hiss etmisiniz?

Heydər Əliyev: Çox məyus olmuşdum. Mənim ürəyimdə hələ də böyük bir yara var. Buna görə də mənim bu sistemə qarşı böyük nifrətim yarandı. Bu sistem insanları səhv şeyləri, pis şeyləri etməyə məcbur etdi.

Mən Azərbaycanın başçısı kimi burada 14 il işləmişdim. Məndən sonra rəhbərlikdə olan bütün insanlar Bakıda olduğum dövürdə mənim işçilərim olmuşdu. Hətta onlar da mənim Azərbaycana qayıtmağımı istəmədilər. Mən Bakıya gələndə, onlara zəng etməyə cəhd etdim. Mən dünyanın ən güclü dövlətlərindən birində yüksək vəzifələrdən birini tutmuş şəxs olduğuma baxmayaraq, heç kim mənimlə danışmaq istəmədi.

Mən həmin şəxs idim ki, Kommunist Partiyası binasını, indiki Prezident Aparatını inşa etdirmişdim. Bunu ona görə deyirəm ki, siz jurnalınızda binanın böyük bir şəklini verin. Onlar məni bu binanın yaxınlığına buraxmadılar. Mənim indi əyləşdiyim bu otaqda başqa insanlar otururdu. Mən buranı tərk etdikdən sonra beş və ya altı şəxs bu vəzifədə əyləşdi. Məhz ona görə də, mənim ürəyimdə ağrılı hisslər çoxdur. Ancaq mən onları unutmağa cəhd etmişəm.

Burada sizin yadda saxlamalı olduğunuz iki məqam var. Onlardan biri hakimiyyət orqanlarının gücüdür, o biri isə xalqdır. Xalq mənə olan münasibətini heç vaxt dəyişməmişdi. Ancaq bürokratiyada, burada və Moskvada mənimlə uzun illər işləyən insanlar mənə münasibətlərini dəyişdilər. Siz Parlament binasını tanıyırsınız – o binanı da mən tikdirdim. Mən burada işləyəndə və parlamentdə sessiyada iştirak edəndə, binaya daxil olanda hamı məni qarşılamaq üçün ayağa qalxardı.

Moskvadan Naxçıvana qayıdandan sonra, məni Naxçıvandan Azərbaycan parlamentinə deputat seçdilər, parlamentin sıravi deputatı. Mənim hətta Bakıda mənzilim də yox idi. Qardaşımın kiçik ikiotaqlı mənzilində yaşayırdım. Mən həmin eyni parlament binasına insanların seçdiyi, etimad göstərdiyi parlamentin üzvü kimi daxil oldum. Onlar məni görəndə, üzlərini çevirərdilər. Bəziləri uzaq gəzərdi. Mən iclas zalında əyləşməli idim və Mütəllibov isə prezident kimi orada yüksəkdə otururdu – mənim vaxtilə yüksəltdiyim insanların hamısı da onların arasında idi. Lakin onların heç biri məni alqışlamadı. Onlar mənimlə danışmadı. Bu hallar məni incitdi. Mən yerimdən danışmaq üçün icazə istədim, lakin onlar mənə icazə vermədilər.

1991-ci ilin fevral ayı idi, Sovet İttifaqının süqutundan əvvəl Parlamentdə söz istədim və onlar mənə söz vermək istəmədilər. Buna baxmayaraq, mən tribunaya qalxdım; onlar mənim tribunada danışmağıma mane ola bilmədilər. 

 Betti Bleyer: Onda siz hələ də Kommunist Partiyasının üzvü idiniz?

Heydər Əliyev: Xeyr, mən Moskvada olarkən Kommunist Partiyasından artıq istefa vermişdim. Mən çıxış etdim və dedim: “Azərbaycan müstəqil olmalıdır. Sovet İttifaqı dağılır və Kommunist Partiyası hakimiyyətdən getməlidir. Bu, 10 fevral 1991-ci il oldu. Lakin onlar çıxışımı davam etməyə icazə vermədilər. Zaldakı insanlar fit çalaraq “qaydaya riayət edin” sözlərini yüksəkdən təkrarlayıb deputat hüququmdan istifadə etməyə çoxlu maneəçilik yaratdılar. Bu haqda bir film də var. İclas zalında əyləşən insanların 95 faizi o adamlar idi ki, onları mən irəli çəkmişdim. Ancaq Bakının küçələri ilə gedəndə, 100 metr ancaq gəzə bilirdim, görürdüm ki, minlərlə insan mənim ardımca gəlməyə başlayır.

Bunu ona görə deyirəm ki, xalq mənə münasibətini heç vaxt dəyişmir. Azərbaycan 1993-cü ildə yenidən iğtişaşla üzləşəndə insanlar ümidlərini mənə bağlayıb, üzlərini yenidən mənə tutdular. Bizim problemləri-
mizi həll etmək üçün çiyinlərinə hökumətin məsuliyyətini götürəcək başqa heç bir şəxs yox idi. Buna görə də onlar məni Naxçıvandan buraya–Bakıya gətirdilər…

 Betti Bleyer: Siz sosialist sistemində və indi kapitalist sistemində ən yüksək vəzifələrdən birini tutan dünyada nadir şəxslərdən biri olmusunuz. Hər iki sistemi necə qiymətləndirərdiniz? Və hər ikisinin nöqsanları hansılardır?  

Heydər Əliyev: Siz bilirsiniz ki, bu, çox mürəkkəb bir sualdır. Mən buna cavab vermək üçün, ən azı, yarım saat sərf etməliyəm. İcazə verin, deyim ki, sosialist sistemi insanlara çoxlu nailiyyət və müvəffəqiyyət gətirdi. Məsələn, 1920-ci illərdə Azərbaycanda ən azı insanların 90 faizi savadsız idi. Sovet sisteminin nəticəsində, insanlar nisbətən qısa vaxt ərzində təhsil almaq imkanına malik oldular. 1919-cu ildə [Sovet hakimiyyətinin qurulmasından əvvəl] Bakı Dövlət Universitetinin əsası qoyuldu. Fəxr edirəm ki, mən də o universitetin tarix fakültəsini bitirmişəm. Sovet dövründə daha çox universitetlər yaradıldı. Çoxlu məktəblər, xəstəxanalar, mədəni mərkəzlər tikildi. Azərbaycanın iqtisadi potensialı inkişaf etdirildi – fabriklər, kanallar, yollar salındı. Biz bu şeyləri unutmamalıyıq. Biz onları dana bilmərik. Doğrudur, bu sistem çoxlu qantökmənin nəticəsində yaradıldı. Kommunist Partiyası çoxlu repressiya və qırğın həyata keçirdi. Bununla bərabər, cəmiyyət məhv olmadı.

Nəticədə 10 il əvvəl Sovet İttifaqının dağılmasına baxmayaraq, insanlar xüsusilə elm, təhsil, mədəniyyət və səhiyyə sahələrindən yararlandı. Beləliklə, o sistemin çoxlu müsbət cəhətləri var idi. Ancaq sonda, sosialist sistemi kapitalizm ilə rəqabət apara bilmədi. İkincisi, sosialist dövləti diktaturaya əsaslanırdı. O yaşaya bilmədi. Əlbəttə, insanlar yaxşı yaşayırdı, ancaq onların qətiyyən heç bir azadlıqları yox idi.

Təsəvvür edin, əgər onlar çox illər ərzində bu sistemə xidmət etmiş mənim kimi şəxslə pis rəftar edirdilərsə, kim belə sistemə bel bağlaya və etibar edə bilərdi? Mən bunu ona görə demirəm ki, bu, mənim şəxsi vəziyyətim idi. Mənim kimi pis rəftar edilən milyonlarla insanlar vardı. Çoxlu ədalətsizliklər həyata keçirildi. İnsanlar heç bir fikir və ya söz azadlığına malik deyildi.

Kapitalist sisteminin də müsbət cəhətləri olduğu kimi, mənfi cəhətləri var. Dünyada heç bir ideal sistem yoxdur. Məncə, bu fikri Çörçill deyib: “Demokratiya ən yaxşı siyasi sistem deyildir, ancaq insanlar yenə də daha yaxşı bir sistem yaratmalıdır”. Demokratiya ilə siz ədalət baxımdan hər şeyə yaxınlaşırsınız.

Biz köhnə sistemdən imtina etmişik. Mən özüm bunu tamamilə şüurlu şəkildə etmişəm. Azərbaycan, şübhəsiz, azad, hüquqi və bazar iqtisadiyyatına əsaslanmış demokratik dövlət olacaq.

 Betti Bleyer: Azərbaycan Rusiya, İran, Ermənistan, Türkiyə və Gürcüstanla əhatə olunmuş kiçik ölkədir və milli ehtiyatlarını qorumaq üçün beynəlxalq münasibətlərdə tarazlığı saxlamağa həmişə ehtiyac duyur. Sizin XXI əsrdə Azərbaycanın gələcək liderlərinə tövsiyəniz nədir? Onlar bu tarazlığı saxlamaq üçün nə edə bilərlər?

Heydər Əliyev: Onlar mənim əsasını qoyduğum siyasəti davam etdirməlidirlər. Əgər belə edərlərsə, onda müvəffəqiyyət qazanacaqlar. Əgər etməzlərsə, onda Azərbaycan çox faciə ilə üzləşəcək. Hər bir ölkənin maraqlarını nəzərə almaq lazımdır. Siz bəzi ölkələrlə dost, bəziləri ilə düşmən ola bilməzsiniz, baxmayaraq ki, bu, əksər ölkələrin siyasətidir. Azərbaycan hər hansı bir ölkə ilə düşmən olmaq istəmir. Eyni zamanda, biz başqa ölkənin siyasətinin qurbanı da olmayacağıq. Azərbaycanın öz müstəqil siyasəti var. Bununla yanaşı, biz Avropa və Amerika ilə yaxşı əlaqələri inkişaf etdiririk və öz milli mənsubiyyətimizi və milli ehtiyatlarımızı qoruyaraq onların təcrübələrindən faydalanmağa çalışırıq.

İngilis dilindən çevirəni:
Süsənbər AĞAMALIYEVA,
filologiya üzrə fəlsəfə doktoru

 

phrase_var_article.chosen
31
xalqqazeti.az

1phrase_var_article.sources