Siyasi şərhçi: “Bakı və Ankaranın Suriyada birlik nümayiş etdirməsi strateji müttəfiqlik sazişinə uyğun olaraq, iki ölkənin xarici siyasətdə addımlarını eyniləşdirmək hədəflərinə əsaslanır”
Suriyada yaxın müddətdə vəziyyətin necə olacağı hazırda dünya mediasının müzakirə etdiyi məsələlərdən biridir.
Suriya prosesində Türkiyənin əsas söz sahibi olması bu kontekstdə pozitiv reaksiyalarla müşahidə olunur.
AKP-nin üzvləri ilə görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Suriya son 13 ildə 61 illik qaranlıq Baas diktaturasından sonra parlaq günlər yaşayır. O bildirib ki, Suriyadakı İŞİD və PKK/PYD kimi terror təşkilatlar ən qısa zamanda darmadağın ediləcək: “Biz Suriyanın yenidən bölünməsinə icazə verə bilmərik. Biz heç vaxt ölkə ərazisinin yenidən münaqişə zonasına çevrilməsinə razı ola bilmərik. Yeni Suriya hakimiyyətinin sabitliyinə və qədim Suriya torpaqlarının bütövlüyünə qarşı edilən hər hücuma qarşı Suriya xalqının yanında olacağıq”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Suriyadakı son hadisələr, regional və qlobal məsələlər müzakirə edilib.
“Görüş zamanı prezident Ərdoğan Suriyada daimi sabitliyin bərqərar olması üçün Türkiyənin Suriya xalqına dəstəyini davam etdirəcəyini bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev telefon danışığında Suriyadakı yeni vəziyyətdən məmnunluğunu bildirib", - deyə paylaşımda qeyd olunub.
İndi sual budur - Türkiyə Suriya prosesini tənzimləyə, ölkəni bölünməkdən qoruya biləcəkmi?
Yeri gəlmişkən, Türkiyənin Suriya ilə bağlı siyasəti dünya mediasında da geniş müzakirə olunur. Müxtəlif xarici media mənbələrində qeyd edilir ki, Türkiyə Suriya məsələsində üç əsas məqsədə nail olmağa çalışır: terrorizmlə mübarizə, Suriyanın ərazi bütövlüyünü qorumaq və suriyalı qaçqınların təhlükəsiz qayıdışını təmin etmək.
Qeyd edilir ki, Türkiyə Suriya ərazisində PKK və onun Suriya qanadı YPG-ni milli təhlükəsizliyinə əsas təhdid kimi görür. Ankara bu qruplaşmaların nəzarət etdiyi bölgələrdə avtonomiya qurma cəhdlərini qəbul etmir. Türkiyənin ABŞ-ın YPG-yə verdiyi dəstəklə bağlı ciddi narahatlığı var və bu məsələ Ankara-Vaşinqton münasibətlərində gərginliyə səbəb olub.
İkinci ən mühüm məsələ Türkiyənin Rusiya və İranın vasitəçiliyi ilə Astana prosesi çərçivəsində Suriya ilə əlaqələri normallaşdırmağa çalışmasıdır. Ankara Suriya torpaqlarının parçalanmasının qarşısını almaq və siyasi proseslərin sürətləndirilməsinə töhfə verməyi hədəfləyir. Ancaq Əsəd rejimi ilə əlaqələrin tam normallaşması hələlik bir çox maneələrlə üzləşir, o cümlədən hər iki tərəfin fərqli yanaşmaları var.
Eyni zamanda Türkiyədəki suriyalı qaçqınların qayıdışı daxili siyasətdə böyük təzyiq yaradır. Bu məqsədlə Türkiyə Suriyada sabitliyin bərqərar olması üçün siyasi həll yollarının vacibliyini vurğulayır. Ancaq suriyalı qaçqınların təhlükəsiz və könüllü qayıdışı üçün daha geniş beynəlxalq dəstək və əməkdaşlıq tələb olunur. Türkiyə bu prosesdə eyni zamanda Rusiya, İran və ABŞ-la olan münasibətləri balanslaşdırmağa çalışır. Rusiyanın neytral, İranın isə sülh yolu ilə həllə üstünlük verdiyi vurğulanır. ABŞ-la bağlı isə Türkiyə YPG-yə dəstəyin dayandırılmasını gözləyir.
Mübariz Göyüşlü
“Cross Media” Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Yaxın Şərq bölgəsi, Suriya çox çətin mərhələlərdən keçir. Çox həssas bir dönəmdir, faktiki olaraq ölkənin taleyi həll olunur. Mən bu proseslərdə Türkiyənin rolunu xüsusi qeyd etmək istəyirəm. Hətta bir müddət əvvəl Türkiyə və Suriya prezidentlərinin liderlərinin bir araya gələcəyi ilə bağlı fikirlər var idi. Türkiyə qarşı tərəfə bir şans verirdi, qarşı tərəf isə bu uzadılan əli dəyərləndirə bilmədi. Nəticə də bəllidir. Türkiyənin də siyasi və mənəvi dəstəyi ilə Suriya xalqı və üsyançı qüvvələr hakimiyyəti devirdilər. Artıq Azərbaycan və Türkiyə liderləri də bu mövzuda telefon bağlantısı ediblər. Hətta Azərbaycan xalqının da Suriya xalqına, oradakı sabitliyə dəstək olacağı ilə bağlı Prezident İlham Əliyev açıqlama verib. Fikrimcə, Azərbaycanın bu məsələdə Türkiyə ilə ortaq mövqedə çıxış etməsi Türkiyənin əlini və bölgədə Türkiyənin imkanlarını daha da genişləndirən bir amil olacaq. İndi əsas məsələ proseslərin tənzimlənməsi ilə bağlı atılacaq addımlardır, Suriyanı bölünmədən qorumaq lazımdır. Əgər region dövlətləri, Suriyada marağı olan ölkələr Türkiyənin bu məsələdə iştirakına, bu proseslərdə müsbət roluna lazımi şəkildə dəstək verə bilsələr, proseslər müsbət məcrada tənzimlənə bilər, ölkəni bölünməkdən qorumaq mümkün olar. Əgər onlar destruktiv addımlar atacaqlarsa (İsrail, Ərəb ölkələri), Suriya xalqı çox çətin mərhələlərlə qarşı-qarşıya qalacaq”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu diqqəti Türkiyə və Azərbaycan liderlərinin son telefon danışığına yönəldib. O qeyd edib ki, telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi, ardınca da Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin məmləkətimizlə də əlaqəsinin olduğunu göstərir: “Strateji müttəfiqimiz Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır. Rusiya və İran Suriyada yanlış tərəfi seçdilər və itirdilər. Türkiyə Əsəd rejiminə qarşı dirəndi və qazandı. Rusiya və İranı gələcəkdə başqa məğlubiyyətlər də gözləyəcək. Qalibin və haqlının yanında olmalıyıq. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən 15-ci Səfirlər Konfransındakı çıxışında söylədiyi "Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu edirik" cümləsinin də əhəmiyyəti var. Sülh sazişinin imzalanmasıyla Türkiyənin Cənubi Qafqazda imkanları artacaq, bu isə Azərbaycanın da maraqlarına cavab verir".
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı da deyib ki, Bakı və Ankaranın Suriyada birlik nümayiş etdirməsi strateji müttəfiqlik sazişinə uyğun olaraq, iki ölkənin xarici siyasətdə addımlarını eyniləşdirmək hədəflərinə əsaslanır: "Azərbaycan post-Əsəd Suriyasında iştiraka bir neçə kontekstdə maraqlıdır:
- Suriya xalqının humanitar problemlərin həllində iştirakı ərəb dünyası ilə münasibətlər fonunda sərfəli gedişdir;
- Bakı İraq türkmənləri ilə əlaqələrin qurulmasından sonra Suriyadakı türkmənlərlə də daha sıx əlaqələr qura, Yaxın Şərq siyasətinə təsir edə biləcək faktor əldə edə bilər;
- Suriyada yer almaq Bakıya bu ölkədə mübarizə aparan müxtəlif güc mərkəzləri (ABŞ, İsrail, İran, Rusiya) ilə münasibətlərdə diplomatik manevr imkanları qazandırır;
- Azərbaycanın dəstəyi Suriyada Türkiyənin əlini gücləndirə biləcək faktordur;
- Mövcud vəziyyətdə Suriyada maraqlı ölkələrin heç biri Ankaranın müttəfiqi deyil: Türkiyə Azərbaycanın timsalında öz müttəfiqini prosesə daxil etməklə daha güclü cəbhə qurmaq istəyir;
- Bakı Suriyadakı proseslərin inkişafında maraqlarının toqquşacağı gözlənilən Ankara-Təl-Əviv arasında ortaq mövqelərin tapılmasında körpü ola bilər".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”