Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Xalqımızın dahi oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabxananın direktoru Tamella Əsgərova çıxış edib. O, bildirib ki, Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətlərdən, müdrik dövlət xadimlərindən biridir. “Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir” – deyən T.Əsgərova Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərin Azərbaycan tarixinə intibah, tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğunu vurğuladı.
Anım mərasimində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Heydər Əliyev – müasir Azərbaycan dövlətinin banisidir”, kitabxananın kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Ulu öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir” mövzularında çıxış etdilər. Onlar bildirdilər ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub.
Tədbirin sonunda Heydər Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş “Əbədiyyətin ilk əsri” adlı filmə və sərgiyə baxış olub.
XQ