AZ

Əsəd rejiminin çöküşüErmənistana ciddi zərbə oldu

Alim Hüseynli

Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması regionda maraqların toqquşmasını labüd edib. Görünən odur ki, Bəşər Əsədin devrilməsi ilə Suriyada yeni və daha mürəkkəb dövr başlanır. Buna səbəb ölkədə qüvvələr nisbətinin dəyişməsidir ki, bu məsələ Bəşər Əsədin müttəfiqlərini narahat edir. Fakt ondan ibarətdir ki, ölkədə döyüşən 4 qruplaşmada əsas rol oynayan Əsəd ordusu sıradan çıxıb, hazırda üç qüvvə - ASO, PYD/YPG, HTŞ qalır ki, sadalanan qruplar ən müxtəlif güclərin əlində bir alətdir. Suriyada baş verənlər təxmin etməyə əsas verir ki, Əsədin devrilməsində maraqlı olan  ABŞ\İsrail və Türkiyə yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilər. Odur ki, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması bir sıra dövlətlərin kürkünə birə salıb. Çünki, Suriyada hakimiyyət dəyişikliyi onun müttəfiqlərinin xeyrinə olmaya bilər. Elə Bəşər Əsədi özünə dost, Suriyanı strateji müttəfiq hesab edən Ermənistan da hazırda təlaş içindədir. 
Bəşər Əsəd rejiminin Ermənistanla yaxın əlaqələrinin olması yeni məsələ deyil. Hər iki dövlətin liderlərinin oxşar xarakterləri,  rəhbərlik etdikləri dövlətlərin idarəçilik üsulu, beynəlxalq hüquqa münasibətləri onları müttəfiq etmək zorunda qoyurdu. Sadə vətəndaşlara divan tutulması, insanlıq əleyhinə cinayətlərin beynəlxalq aləmdə "əsaslandırılması" Əsədlə Paşinyanı bir araya gətirmişdi. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə fəaliyyətində büruzə verib. Məsələn,  ötən il Ermənistan baş naziri Nikol Paşinyan Suriya prezidenti Bəşər Əsədə ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edirdi ki, ölkəsi Suriya üçün çətin bir zamanda respublikanın bərpası prosesinə yardım etməyə hazırdır. Paşinyan həmçinin qeyd edib ki, "əsrlərin dərinliklərindən gələn və tarixi sınaqlarla möhkəmlənən Ermənistan-Suriya dostluğu iki ölkə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinin əsasını" təşkil edir.
Nəyin bahasına olursa olsun, Ermənistan hərbçilərinin Hələbdə xidmət etməsi Paşinyanın Suriyaya ali sevgisinin təzahürü idi. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsində Ermənistan ordusu darmadağın edilmişdi, belə halda özünün müdafiəsini təşkil edə bilməyən ordunun hansısa ölkəyə hərbi dəstək verə biləcəyi gülünc görünür. Lakin minatəmizləmə kimi qələmə verilən bu xidmət əslində Əsəd rejiminə dəstək məqsədi daşıyıb, diktator rejiminin qorunmasında Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək göstərib. Cari ildə də Paşinyanın Əsədə ünvanladığı təbrik məktubunda bu fəaliyyətin davam etdiyi təsdiqini tapıb: "Ermənistan Suriya ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın inkişafı üçün möhkəm əsas olan dostluq, etimad və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini qiymətləndirir. Ümidvaram ki, dövlətlərin və xalqların dinc yanaşı yaşaması və harmonik qarşılıqlı fəaliyyətinə ciddi təhlükə yarandığı bu çətin günlərdə çoxəsrlik Ermənistan-Suriya dostluq münasibətləri bundan sonra da beynəlxalq münasibətlər sahəsində qarşılıqlı etimad və konstruktivlik nümunəsi kimi xidmət edəcəkdir". Təkcə adı keçən bu iki "təbrik məktubu" deməyə əsas verir ki, Bəşər Əsədlə Paşinyanı bir-birinə insanlığa qarşı cinayətləri bağlayırdı.
 Suriya ilə Ermənistanı həm də terrorçu dövlət olmaları yaxınlaşdırırdı. Məlumdur ki, Suriyada çoxsaylı erməni terror təşkilatları fəaliyyət göstərir və  onların Əsəd rejimi ilə sıx əlaqələrinin olması heç  kimə sirr deyil. Məsələn, 2019-cu ildə Suriyada Nubar Ozanyan adına erməni batalyonu yaradılıb və bu hərbi qruplaşma Suriya xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edib. Nubar Ozanyanın terror qruplaşması Qarabağda da azərbaycanlılara vəhşicəsinə divan tutmaqda xüsusi fəallıq göstərib. 
Ermənistan Suriya ilə hərbi sahədə də əməkdaşlıq edib. Təcavüzkar dövlət İran vasiyəsilə Suriyaya hərbi texnika göndərməsi faktı öz təsdiqini tapıb. Məhz bu kimi səbəblərdən Bəşər Əsəd rejimi həmişə ermənipərəst mövqe tutub və Azərbaycana qarşı olub. Necə ki, Kəşmir məsələsində də Pakistanı deyil, Hindistanı dəstəkləyib. Suriya İƏT çərçivəsində  Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb. Göründüyü kimi, özünü qərbpərəst kimu göstərən Paşinyan hakimiyyəti Yaxın Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq edib və hazırda da mövqeyini dəyişməyib. Belə halda, birmənalı şəkildə qeyd edə bilərik ki, Suriyada Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbə oldu. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
55
49
olaylar.az

10phrase_var_article.sources