AZ

"Buna "hücumçuların çörəyi" deyirlər" - "Qarabağ"ın İsveçdə yaşayan veteranı "Elfsborq"un zəif cəhətlərini sadaladı

UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda səfərdə İsveç təmsilçisi "Elfsborq"la qarşılaşacaq "Qarabağ" olduqca əhəmiyyətli matça çıxacaq. Əvvəlki 5 oyunda 1 qələbə qazana bilən Ağdam təmsilçisi bu görüşdə uğur əldə edə biləcəyi halda, pley-offa yüksəlmək şansını artıracaq. Bəs görəsən "köhlən atlar"ın evə 3 xalla dönmək şansı nə dərəcədə realdır? Uzun illərdir İsveçdə yaşayan azərbaycanlı futbol məşqçisi, "Qarabağ"ın sabiq oyunçusu Yalçın Bağırovla əlaqə saxlayıb təmsilçimizin Skandinaviya komandası ilə duelindən nə gözlədiyini soruşduq. 
Yada salaq ki, Bağırov "Qarabağ"ın tarixi oyununun - avrokubokda ilk dəfə mərhələ adladığı vaxt "Makkabi Hayfa" ilə görüşün iştirakçısı olub.

Hazırda İsveçdə idman məktəblərinin birində məşqçi kimi çalışan həmyerlimizin Fanat.Az-a açıqlaması belə oldu:

"Hazırda İsveç çempionatında fasilə olsa da, "Elfsborq" dayanmayıb. Komanda hətta avrokubok oyunları ilə də kifayətlənmir, yoxlama matçları keçirir, növbəti mövsümə hazırlaşır. Bu komanda evdə aqressiv oynayır. Sözsüz ki, "Qarabağ"a asan olmayacaq. Savaşacaqlar ki, komandamızdan xal alsınlar. Amma "Qarabağ" da geri çəkilməyəcək. Çünki pley-off baxımından müqəddərat həll olunur. Çox maraqlı oyun keçəcək. Deyərdim ki, "Qarabağ" bu oyunda qalib gələ bilər. Komandanın gücünü, potensialını bilirik və buna əsasən nikbin proqnoz veririk. Bundan sonrası artıq oyuna necə hazırlaşmaqdan asılıdır. Hər şey yolunda getsə, "Qarabağ" dəfələrlə sərgilədiyi yaxşı oyunlardan birini keçirsə, "Elfsborq"u udacaqlar. 
İnşallah, Qurban Qurbanovun komandası təzyiqdən çıxa biləcək. "Elfsborq" sıradan komanda deyil. Bütün mövqelər üzrə yaxşı oyunçuları var. Ən əsası, çoxdandır bir yerdə oynayan, bir-birini yaxşı başa düşən futbolçuları var, xətlərarası əlaqə yaxşıdır. Çalışıb ilk qolu vurub oyunu ələ almaq lazımdır. Belədə yerli azarkeşlərin təzyiqi altında irəli atılmağa məcbur olacaqlar və imkanlar yaranacaq. Hər komandada olduğu kim, "Elfsborq"un da zəif yerləri var. Onları əks-hücumlarda cəzalandırmaq olar. Künc zərbələri zamanı da problem yaşayırlar. Qapıçısı zəifdir, topu tez-tez əlindən buraxır. Buna "hücumçuların çörəyi" deyirlər. Ona yaxın oynayıb qarışıqlıq zamanı cəzalandırmaq olar. Bir sözlə, şanslardan maksimum yararlanmaq lazımdır. "Qalatasaray" məhz belə imkanları qaçırmamaqla istədiyi nəticəni qazandı. "Qarabağ" dominantlığını ortaya qoymalı, güclü tərəflərindən istifadə etməlidir".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunun "Elfsborq" - "Qarabağ" oyunu bu gün - dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.  

Mirağa

Seçilən
21
fanat.az

1Mənbələr