Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin ailələrinə, qazilərə, müharibə veteranlarına qayğı və diqqət hər zaman dövlətimiz üçün prioritet olub. İstər dövlət səviyyəsində, istər vətəndaş səviyyəsində bu qəbildən olan vətəndaşlarımıza hər zaman xüsusi diqqət və qayğı olub.
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı, eyni zamanda müharibədən öncə və ya sonra döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı, vətən torpağını qoruyarkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməyıb. Müəyyən xidmətlərdə bu qəbildən olan vətəndaşlarımıza xüsusi diqqət və qayğı hər zaman müşahidə olunub.
Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraqyeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Eyni zamanda, “YAŞAT” fondu tərəfindən qazilərimizin müalicə və müayinəsi həyata keçirilir. Mütəmadi olaraq kampaniyalar və konsert proqramları təşkil edilərək onların asudə vaxtının səmərəliliyi də təmin edilir.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini Azərbaycanın ərazi bütövlüyü və bu mübarizədə canlarını hər zaman fəda etməyə hazır olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunaraq bu yolla onların üzündə təbəssüm yaratmağa və həyatlarında daha rahat yaşamalarına şərait yaradılır. Şəhidlərimizin ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişi verilir, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımı ödənilir.
Onu da vurğulayaq ki, tez-tez hansısa obyektlərin qarşısında gördüyümüz "şəhid ailələrinə xidmət ödənişsizdir" , "sizin borcunuzu valideynləriniz Qarabağ müharibəsində ödəyib", "sizin bizə deyil, bizim sizə borcumuz var, hansı ki, heç bir zaman ödəyə bilmərik" kimi yazılar da vətəndaş səviyyəsində də şəhid və qazilərimizə göstərilən hörmətin, qayğının bariz nümunəsidir. Sual olunur: " Bu cür vətəndaşları olan dövləti kim məğlub edə bilər"?!
Təbii ki, heç kim!
Bundan əlavə, ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir. Belə ki, əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəlik 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir, əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olanlara 130, III dərəcə əlilliyi olanlara isə 110 manat məbləğində müavinət ayrılır, əlilliyi müəyyən edilmiş şəxslərə tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər.
Onu da bildirək ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında imzaladığı Fərman da bu humanist addımlardan biridir. “YAŞAT” Fondu şəhid ailələrinə və qazilərə əlavə dəstək üçündür. Bu Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Fondda toplanan vəsaitin çoxluğu Azərbaycan xalqının birliyindən, gücündən xəbər verir. Yəni, hər kəs özünə prioritet olaraq qazilərimizi və şəhid ailələrini götürür.
“YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutaraq onların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görürlər. Prosesdə “YAŞAT” Fondunun və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri iştirak edirlər. Bu Fondun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Həyata keçirilmiş tədbirlər çərçivəsində hazırda hər bir şəhid ailəsi və qazinin həyat şəraitinin yaxşılaşdırılması üçün proses davam edir. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları qarşılanır.
Eyni zamanda vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin göstərişinə əsasən keçmiş məcburi köçkünlər üçüntikilmiş yaşayış komplekslərindəki mənzillər də şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Bu məqsədlə müvafiq olaraqBakı şəhərində, Abşeron, Lənkəran, Samux rayonlarında yeni yaşayış komplekslərinin açılışları olub və qəhrəmanlarımıza bağışlanıb.
Bununla yanaşı, şəhid ailələrinin övladları ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda, təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) da şəhid ailəsi üzvlərinə üstünlük verilir. Əmək münasibətlərində, vergi sahəsində də onlar bir sıra imtiyazlara və təminatlara malikdirlər.
Və bütün sahələrdə ali səviyyədə vurğulanır ki, müharibə iştirakçıları, əlilləri və canını fəda etmiş qəhrəmanlarımızın ailələri hər zaman prioritet olaraq qalacaq.
Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.
Aysel Aslan
Yazı Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri" layihəsi çərçivəsində hazırlanıb