AZ

Əsədin BƏƏS-i özünü buraxdı – Silahları və partiyanın pullarını təhvil verirlər

61 il əvvəl çevrilişlə hakimiyyətə gələn BƏƏS partiyası Əsəd rejimi devrildikdən sonra fəaliyyətini dayandırdığını elan edib.

Musavat.com xəbər verir ki, partiyanın baş katibinin köməkçisi İbrahim Əl-Hədid bildirib ki, partiya rəhbərliyi “xəbərdarlığa qədər bütün sahələrdə işi və partiya fəaliyyətini dayandırmaq” qərarına gəlib.

Partiya öz silah-sursatını, o cümlədən texnika və nəqliyyat vasitələrini müvəqqəti hökumətin Daxili İşlər Nazirliyinə “digər əmlak və pulları Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin nəzarəti altında Suriya Mərkəzi Bankına yatıracağını” açıqlayıb. Bəşər Əsəd BƏƏS-in 2000-ci ildən baş katibi idi. Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsəd 1970-ci ildə partiya daxilində dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib və 1971-ci ildə Suriya prezidenti olub. O, 2000-ci ildə vəfatına qədər bu vəzifədə çalışıb və sonrakı dövrdə postu oğlu Bəşər Əsəd tutub.

BƏƏS özünü buraxmazdan 3 gün əvvəl, Suriya İnqilabi və Müxalif Qüvvələrin Milli Koalisiyasının sədri Hadi əl-Bahra prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra mülki hökumət formalaşdırmaq planlarını açıqlamışdı.

 Əl-Bahra vurğulamışdı ki, keçid hökuməti "Hayat Təhrir əş-Şam" (HTŞ) və ya digər ekstremist təşkilatların nümayəndələrini əhatə etməyəcək və tamamilə mülki xarakter daşıyacaq. 

Əl-Bahra həmçinin əlavə edib ki, Əsəd rejiminin devrilməsindən sonra hakim BƏƏS partiyasının buraxılması planlaşdırılmır. Bunun əvəzinə, partiyanın normal siyasi qüvvəyə çevrilməsi nəzərdə tutulur ki, 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqda edilən səhvlərdən qaçmaq mümkün olsun. 

“Əgər biz onları buraxsaq, təcrid edəcəyik. Təcrid edəndə isə onlar ekstremistə çevriləcəklər”, – deyə o bildirmişdi. 

“Hədəf bölünmüş deyil, vahid bir Suriya yaratmaqdır”, – deyə Əl-Bahra vurğulamışdı. 

Əl-Bahra həmçinin İran və Rusiyanın – Əsədin əsas müttəfiqləri olan bu dövlətlərin – Suriyanın işlərinə müdaxiləsinin məhdudlaşdırılacağını vəd edib. 

Noyabrın sonunda üsyançı qruplar Suriya hökumət qüvvələrinə qarşı hücuma başlayıb. Dekabrın 8-nə keçən gecə Dəməşqi aldılar, sonra Əsəd rejiminin devrilməsini elan etdilər. Suriya prezidenti vəzifəsini və ölkəni tərk edib. O, Rusiyadan sığınacaq alıb. Məhəmməd əl-Bəşir keçid hökumətinin başçısı təyin edilib. O, 2025-ci il martın 1-dək baş nazir vəzifəsini icra edəcək.

Əsəd rejimi Suriyada 24 il ərzində hakimiyyətdə olub. "Hayat Təhrir əş-Şam” qruplaşması 12 günlük hücumdan sonra paytaxtı ələ keçiriblər. Bundan sonra Rusiya dövlət agentlikləri məlumat yayıb ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır və Rusiya onlara sığınacaq verib. 

 E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr