AZ

Korotçenko: “Heydər Əliyev keçmiş SSRİ-nin ən dahi siyasətçisi idi”

“Heydər Əliyev Azərbaycanın və keçmiş SSRİ-nin ən dahi siyasətçisi idi. Şəxsi keyfiyyətləri, geniş dünyagörüşü və müdrikliyi ilə o, uzun və şərəfli bir həyat yolu keçib. 

Tale elə gətirib ki, Heydər Əliyev əmək fəaliyyətinə dövlət təhlükəsizlik orqanlarında başlayıb. O bu qurumda kiçik əməliyyatçıdan general rütbəsinə qədər yüksələn nadir şəxsiyyətlərdən biri olub. Zamanında o SSRİ-nin kəşfiyyat və əks-kəşfiyyat orqanlarında hər kəsin hesablaşdığı bir general olub. Əməksevərliyi, işə məsuliyyəti və hər zaman uğura nail olması Heydər Əliyevin sonrakı həyatında mühüm rol oynayıb. 

Təsadüfi deyil ki, o, 46 yaşında 1969-cu ilin 15 iyulunda Sovet Azərbaycanına rəhbər seçilir. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə respublika inqilabi dəyişiklər yaşadı. Azərbaycan geri qalmış aqrar ölkədən SSRİ-nin inkişaf etmiş sənaye respublikasına çevrildi”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. 

O bildirib ki, Heydər Əliyevin böyük idarəçilik bacarığı və siyasi müdrikliyi o zaman SSRİ rəhbərliyinin diqqətindən yayınmadı:

“Yuri Andropov SSRİ-yə rəhbərlik etməyə başlayanda komandasında görmək istədiyi ilk adam Heydər Əliyev oldu. Beləcə, 1982-ci ilin dekabrında o, SSRİ hökümətində ikinci mühüm posta, Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə dəvət edildi. Nəzərə alaq ki, Heydər Əliyev o zaman iqtisadiyyatın əsas sahələrinə nəzarət edirdi. Və bu gün keçmiş sovet xalqları Heydər Əliyevin SSRİ hökümətində misilsiz xidmətlərini ehtiramla, hörmətlə anır. 

50 il müddətdə tikintisi yarımçıq qalan və dünyanın ən uzun iqtisadi dəhlizi olan Baykal-Amur magistralı məhz onun qətiyyəti hesabına ərsəyə gəldi. Başqa bir detalsa ondan ibarətdir ki, 1986-cı ildə Ukrayna ərazisindəki AES-də baş verən qorxunc partlayışın daha böyük faciələrə yol açmasının qarşısını Heydər Əliyev aldı”. 

Müsahibimiz deyib ki, Yuri Andropov Heydər Əliyevə özünün siyasi varisi kimi baxırdı:

“Lakin onun qəfil və müəmmalı ölümü bütün planları pozdu. Nəticədə, Mixail Qorbaçov kimi siyasi avantüristin yolu açıldı. Hansı ki, o erməni lobbisi tərəfindən əhatə olunmuşdu. Bir ermənipərəstinsə Heydər Əliyev kimi şəxsiyyətə normal münasibət bəsləməsi təbii ki, gözlənilən deyildi. 

Qorbaçovun siyasi intiriqalarından və populist danışıqlarından bezən Heydər Əliyev 1987-ci ilin payızında istefaya getdi. Heydər Əliyevin gedişi ilə həm Qorbaçovun qarşısında dayanacaq siyasi güc itirildi, həm də ölkənin siyasi və iqtisadi tənəzzülü başladı. Nəticədə, bir neçə il sonra SSRİ dağıldı”. 

İqor Qorotçenko qeyd edib ki, Heydər Əliyevin siyasi müdrikliyindən və yüksək idarəçilik bacarığından SSRİ höküməti sona qədər yararlanmasa da Azərbaycan xalqı bunun çox böyük nəticəsini gördü, yaşadı:

“Məhz xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev ölkəni məhv olmaqdan xilas etdi. 

Əminliklə demək olar ki, Heydər Əliyev olmasa idi, yəqin ki, dünya xəritəsində bugünkü Azərbaycandan çox az şey qalacaqdı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Ermənistanla atəşkəs müqaviləsi bağlandı. Bu o zaman üçün həyati bir məsələ idi.

Bunun ardınca dünyanın aparıcı şirkətlərinin iştirakı ilə Bakıda “Əsrin müqaviləsi” imzalandı. Bu saziş Azərbaycanın ayaqda qalmasına əsas oldu. Çünki bu saziş hesabına Azərbaycan ilk növbədə böyük dövlətlərin siyasi dəstəyini qazandı. Digər tərəfdənsə Azərbaycan dünyanın neft-qaz bazarında vacib oyunçuya çevrildi. Nəticədə, bu müqavilənin icrası hesabına Azərbaycana çox böyük maliyyə axını başladı. 

Beləliklə Heydər Əliyev həm müstəqil Azərbaycanın memarı kimi tarixə düşdü, həm də Azərbaycanın ümummilli liderinə çevrildi”. 

Müsahibimiz deyib ki, bu gün Rusiyada Heydər Əliyevi böyük hörmət və ehtiramla anırlar:

“Xüsusilə də Rusiyanın xüsusi xidmət orqanlarında Heydər Əliyevin kəşfiyyat və əks-kəşfiyyat sahəsində təcrübəsi bu gündə öyrənilir, təşviq edilir. Onu da qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də hər zaman Heydər Əliyevi hörmətlə anır, onun rus xalqı üçün etdiklərini dönə-dönə xatırlayır. Bu gün Rusiyanın ziyalı elitası təəssüflə qeyd edir ki, kaş ki, Qorbaçovun yerinə Heydər Əliyev SSRİ rəhbərliyinə gələrdi. O zaman, bir çox xalqlar bir ailə kimi çox xoşbəxt həyat sürərdi. Amma tarixi geri qaytarmaq olmaz. Bu gün Rusiya elitası və sadə rus xalqı Heydər Əliyevin işıqlı xatirəsi qarşısında ehtiramla baş əyir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
13
50
bizim.media

10Mənbələr