AZ

“Ayağını görüb şokun təsiri ilə ucadan qışqırdı” - Şəhriyar bəsit qollardan da danışdı

Ölkə kubokunun 1/8 final oyunlarından biri daha böyük maraq doğurdu. “Turan Tovuz” - “Sabah” duelinin taleyini penalti seriyasını müəyyənləşdirdi. Daha dəqiq olan “bayquşlar” növbəti mərhələyə adladı. Təbii ki, tovuzluların kapitanı Şəhriyar Əliyevə ünvanlanası sual çoxdu. Onun liderlərindən olduğu müdafiə xətti çox zəif təsir bağışladı, komanda bəsit qollar buraxdı.

Kapitanla bəzi məsələlər ətrafında söhbətləşdik.

- Ölkə kubokunda mübarizəni dayandırdız, komanda üçün avrokuboklar aparan yollardan biri bağlandı. Səncə, alınmayan təkcə penaltilər oldumu?
- Kubokun bu mərhələsi bir görüşdən ibarət idi. Bilirdik ki, oyun artırmalara qədər gedə bilər. Həm də penaltilərin üzərində belə çalışmışdıq. Hər şeyə hazırdıq. Oyunda iki dəfə önə keçdik. Sonradan qollar buraxdıq. Uzatmalara getdik, o zaman da bir qol vurduq. Qapıçımız da sağ olsun, bir topu çıxarmışdı. Sadəcə, penalti seriyasında bir tərəfin şansı gətirir, digərinin gətirmir. Qismət belə imiş.

- 113-cü dəqiqədə qol vurub önə çıxdız. Cəmi 4 dəqiqə sonra rəqib əks-hücuma çıxdığı halda, Otto Con yerə yıxıldı, siz müdafiəçilər də rəqibin qarşısını ala bilmədiz. Həmin an hakimin oyunu dayandıracağını gözləyirdiz, yoxsa necə?
- Həmin epizodda Conun ayağı pis əzilmişdi. Ayağında çox böyük buts izləri vardı, ağır zədə almışdı. Həmin vəziyyətdə hamı gözləyirdi. Rəqib uduzursa, inanmırdım ki, topu meydandan çıxarlar. Sadəcə ani diqqətsizlik qola gətirib çıxardı. Həm də sona iki dəqiqə qalmış. Bəlkə də daha diqqətli olsaydıq, heç o qolu qapımıza görməzdik.

- Namiq Ələskərovun yerinə yetirdiyi adi bir künc zərbəsi zamanı da siz müdafiəçilər heç bir reaksiya vermədiz, İrasabal asanlıqla fərqləndi.
- Düzü, "Sabah"ın standart vəziyyətləri necə yerinə yetirdiyini bilirdik. Həmin “standartlar” üzərində həftəboyu işləyirik. Konsentrasiyamız həmin vəziyyətdə zəif oldu. Həqiqətən daha dəqiq olsaydıq, o qollar qapımıza girməzdi. Futboldu, səhvsiz olmur.

- Denis Marandiçinin zədələnməsi hamını kədərləndirdi. Futbolçunun bəlkə də karyerasına ciddi zərbə vuracaq bir hadisə yaşandı. Hazırda vəziyyəti necədi? Özünə gələndən sonra nə söylədi?
- Çox ağır zədə aldı. Heç bir idmançıya belə zədə arzulamıram. Sadəcə, komandaya kömək eləmək istəyəndə ağır zədə aldı. Ayağı sınmaq bahasına olsa da, topun qarşısına özünü atdı. Bəlkə də hər idmançı onu eləməz. Denis komandamızın əsas üzvlərindən biridi. Tezliklə sağalmasını arzulayırıram. Düzdü, xəstəxanaya - yanına getdik. Orda dedi ki, ayağı sınan vaxt şokda idi. Ayağını görüb şokun təsiri ilə ucadan qışqırdı. Əməliyyat olundu, şükür, yaxşı keçdi. İnşallah, tezliklə bərpa prosesini keçirib komandaya qoşular.

- Con qol vurandan sonra Marandiçinin formasını göstərdin, qol sevincini belə qeyd etdiz. Epizodu özü görübmü, ümumiyyətlə, səndə əlavə məyusluq yarandımı ki, kaş Denisə görə qələbə qazanıb ona həsr edərdiz?
- Mən ilk hissədən sonra demişdim ki, Denisə görə çıxıb oynamaq lazımdı. Çünki həmin məqamda hər futbolçu elə etməzdi. Yəni komandamıza görə özünü topun altına atdı, ayağı sındı. Düzü, qələbə qazanıb hədiyyə etsəydik, daha gözəl alınardı. İnşallah, qarşıdaki oyunlarda Denisə hədiyyə etməyə çalışacağıq.

- Çempionatın əvvəlindəki və indiki çıxışınız müqayisə edilərkən “Turan Tovuz”un əvvəlki gücünün qalmadığını düşünənlər var. Nəticələrdə enişi necə izah edərdin?
- Əlbəttə, çempionatin əvvəlində nəticələrimiz başqa cür olurdu. Həm zədəli, həm də cəzalı futbolçularımızın olması oyunlara təsir edir. Rəqiblər də bizi təhlil edir. Yəni çalışırlar ki boşluqları tapsınlar. Necə biz onları təhlil edirriksə, onlar da eynilə. Həm də çempionatın səviyyəsi qalxır. Oyunlarımız da ağır olur. Hər bir komanda digərindən xal ala biləcək gücdədi. Son 5 turda oynadığımız rəqiblərin əksəriyyəti iddialılar idi. Hər oyuna xal və xallar qazanmaq üçün çıxırıq. Xallarımızı artırmaq istəyirik.

- Mövsümün başlanğıcında “Qarabağ”a əsas rəqib sayılırdız. Amma indi “Araz-Naxçıvan” sizi arxada qoyub.
- Həqiqətən "Araz-Naxçıvan" çempionatda formada olan komandalardan biridi. Yaxşı futbolçulardan qurulub. Oyunun taleyini həll edəcək oyunçulara sahibdilər. Biz hər oyuna çıxıb xallarımızı qazanırıq. Çalışacağıq ki, sona qədər mübarizə aparaq. Allah nəsib eləsə, mövsümün sonunda avrokuboklara getmək istəyirik. Ötən mövsüm də yaxşı çıxış eləmişdik. Sona 3-4 tur qalmış xallar itirdik. Həmin xallar da bizi Avroliqadan uzaqlaşdırdı. Bu il həmin mövqe uğrunda çox komanda mübarizə aparır.

- Avropa yolunda əsas rəqibləriniz kimlərdi?
- "Qarabağ”ın gücü bəllidi. “Araz-Naxçıvan", "Sabah”, "Zirə" və "Neftçi" çempionatda yüksək yerlər uğrunda mübarizə aparır. Qarşıda iki dövrə var. Hələ ikinci dövrə bitməyib. Ağır oyunlar bizi gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, "Turan Tovuz" yayda vropaya yollansın.

RÖYANƏ OĞUZ

Seçilən
8
football-plus.az

1Mənbələr