AZ

Heydər Əliyevin anım günü ilə bağlı konfrans keçirilib

Cari ilin 11 dekabr tarixində Səfirlik tərəfindən Qırğızıstan-Türkiyə Manas Universitetində “Heydər Əliyev və Azərbaycanın Zəfəri” adlı konfrans keçirilib. SİA xəbər verir ki, konfransda Manas Universitetinin müəllim-professor heyəti, Qazaxıstanın Qırğız Respublikasındakı (QR) səfiri, Şimali Kipr Türk Cumhuriyyətinin QR-dəkı ticarət nümayəndəsi, Bişkek şəhərinin merinin müavini, Azərbaycan Gənclər Fondunun Bişkekdə ezamiyyətdə olan əməkdaşı, azərbaycan disporunun nümayəndələri və universitetin tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı çıxışlarından ibarət video-rolik nümayiş etdirilib.

Konfransı giriş sözü ilə universitetin rektoru Alpaslan Ceylan açaraq, Heydər Əliyevin dünyanın tanınmış dövlət xadimlərindən, türk dünyasının liderlərindən biri olduğunu söyləmiş, onun Türkiyədə çox sevildiyini və xatirəsinin əziz tutulduğunu bildirmişdir. “Bir millət, iki dövlət ” kəlamını isə Azərbaycan ilə Türkiyə xalqları arasında dostluq və qardaşlığın simvoluna çevrildiyini söyləyib. Heydər Əliyev ilə bağlı konfransın Manas universitetində keçirildiyi üçün Azərbaycan Səfirliyinə təşəkkürünü bildirib.

Qazaxıstan Səfiri Rafil Coşubayev çıxış edərək, Heydər Əliyevin xatirəsinin Qazaxıstanda da əziz tutulduğunu, onun böyük hörmətlə yad edildiyini və bu günə kimi unudulmadığını söyləyib. O Qazaxıstan XİN-də işlədiyi vaxtlarda Heydər Əliyevin Qazaxıstana səfəri zamanı onu müşayiət etdiyini, onunla qısa söhbətlərini, isti görüşmələrini xoş xatirələrlə yada salaraq bütün bunların onun yaddaşında əbədi həkk olduğunu bildirib.

Bişkek şəhər merinin müavini milliyətcə azərbaycanlı olan Ramiz Əliyev çıxış edərək bir azərbaycanlı olaraq xalqımızın Heydər Əliyev kimi dünya səviyyəli lideri olması ilə fəxr etdiyini, Azərbaycan-Qırğızıstan münasibətlərinin təməlinin H.Əliyev tərəfindən qoyulduğunu və onun xatirəsinin qırğız xalqı üçün də əziz olduğunu söyləmişdir.

ŞKTC ticarət nümayəndəsi öz çıxışında Heydər Əliyevin türk dünyasının lideri olaraq, türk dünyasının formalaşdırılmasında xidmətlərindən danışmışdır.

Azərbaycan Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov çıxışında Azərbaycanda gənclər siyasətinin ideoloji əsaslarının H.Əliyev tərəfindən qoyulduğunu bildirərək, azərbaycanlı gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətindən həyata keçirilən işlər barədə konfrans iştirakçılarına məlumat vermişdir.

Sonda səfir Lətif Qəndilov çıxış edərək, konfransın təşkilində göstərilən dəstək üçün Universitetin rektoruna və tədbir iştirakçılarına təşəkkürlərini bildirmişdir. O, öz çıxışında H.Əliyevin həyatının mühüm məqamlarına toxunaraq, həyatının müxtəlif etaplarında Azərbaycan üçün etdiyi bütün işləri xatırlatdı- Sovet Azərbaycanın dövründə Moskvadakı fəaliyyətini, Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının (NMR) işğalının qarşısının onun səyləri nəticəsində alındığını, müstəqil Azərbaycan bayrağının ilk dəfə NMR Ali sovetində onun təşəbbüsü ilə qaldırdılmasını, Azərbaycan Respublikasının parçalanmanın və vətəndaş müharibəsinin qarşısının alınmasında misilsiz əməyi barədə konfrans iştirakçılarına geniş məlumat vermişdir. L.Qəndilov Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlar, hərbi quruculuq və ölkəmizin iqtisadi inkişafı haqqında danışaraq Azərbaycanın indiki qələbəsinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü ilə bağlı ulu öndərin vəsiyyətinə sadiq qalaraq 44 günlük Vətən Müharibəsində işğal altında olan Azərbaycan torpaqlarının azad edərək ərazi bütövlüyünü təmin etdiyini bildirmişdir (Zəfər Parkının açılışı ilə bağlı video rolik nümayiş etdirilmişdir). Səfir 1998-ci ildə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasında H.Əliyevin əməyi və rolu barədə geniş məlumat vermişdir. O, çıxışını ulu öndərin “Ağacımız kəsilməsin, suyumuz quumasın, ocağımız sönməsin” kəlamı ilə tamamlamışdır.

Sonra 9 dekabr 2024-cü ildə Səfirliyin inzibati binasında qoyulmuş Heydər Əliyevin büstünün açılış mərasiminə dair video çəkiliş nümayiş etdirilmişdir.

Konfrans Qırğız Respublikasının yerli mətbuatı olan “Вечерный Бишкек” qəzetində geniş işıqlandırılmışdır.

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günündə Səfirliyin əməkdaşları Bişkek şəhərində H.Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada olmuş, onun məktəbdəki abidəsi abidəsi önünə çiçəklər qoymuşlar.

Seçilən
24
3
sia.az

4Mənbələr