Milli Məclisin deputatın Zahid Orucun adından su-istifadə edildiyi dələduzluq işi ilə bağlı məhkəmə prosesi olub. Bu barədə "unikal" saytı məlumat yayıb.
Bildirilir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilib.
Zərərçəkən Sevinc Hümmətova məhkəmədə verdiyi ifadəsində bildirib ki, Günay ondan millət vəkili Zahid Orucun adından istifadə edərək onun üçün 700 qram qızıl alıb: "Sən demə bizimlə telefonda konfransda Zahid Oruc adı ilə Anar adlı şəxs danışıb".
Modern.az məsələ ilə bağlı Zahid Orucla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında komitə sədri deyib ki, belə şeylərlə onun adına kölgə salmaq mümkün deyil:
"Siz mənə müraciət etdikdə bu məlumatdan xəbərim oldu. Cinayət işindən nə istintaq dövründə nə də indi məhkəmə prosesində məsələyə baxış zamanı heç bir məlumatım olmayıb. Sözügedən şəxslərlə heç vaxt nə Teleqram, nə də başqa platformada əlaqələrimiz olmayıb. Cinayət törədən tərəfin qadın olması təəssüf doğurur. Bizim çevrəmizdə olan müxtəlif tanınmış insanların adı ətrafında belə hərkətlərə yol verənləri bəzən eşidirik. Ticarətlə hər hansı əlaqəm yoxdur, heç vaxtda olmayıb. 25 illik parlament fəaliyyətimizi yaxından izləyənlər bilirlər ki, bu, həqiqətən, belədir. 12 dekabrda-Ulu Öndərin adı qarşısında mənəvi borcumuzu yerinə yetirərkən bu məlumatı almaq qətiyyən xoş deyil. Cinayət işi həmin insanların özünə aiddir. Buna adekvat olaraq, qərar da çıxarılacaq. Belə addımlarla bizim adımıza kölgə salmaq, qətiyyən mümkün deyil".