AZ

Hüquqdan Kosmetologiyaya: Nigar Rüfətin inam və əzmkarlıqla dolu karyera yolu

Estetik Kosmetologiya Mütəxəssisləri (EKM) İctimai Birliyinin İdarə Heyətinin üzvü, LBC estetik klinikasının həkim-kosmetoloqu Nigar Rüfət gənclərə sevdikləri ixtisasın ardınca getməyi və mübariz olmağı tövsiyə edir. Həyatında etdiyi əhəmiyyətli dəyişiklikdən danışan Nigar xanım, hüquq sahəsindən kosmetologiyaya keçərək uğurlu karyera qurub.

Nigar Rüfət ilk təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində alıb. (Diplom Nº 257917) Universitet illərində və sonrakı dövrdə müxtəlif hüquq sferalarında və məhkəmələrdə işləyib, hətta imkansız insanlara ödənişsiz hüquqi yardım göstərib. Buna baxmayaraq, məhkəmə və bank sistemindəki işlər onu arzuladığı xoşbəxtliyə çatdırmayıb.

“Ədalətli olmağı sevməyim, insanları mühakimə etmək əvəzinə onları dinləməyim, ayrıseçkiliyə qarşı olmağım və həm də anamın arzusunu reallaşdırmaq istəyim məni hakim olmaq xəyalına doğru yönləndirdi. Universitetə yüksək balla qəbul olmaq üçün gecə-gündüz çalışırdım. Qəbul olduğum ilk ildən etibarən müxtəlif hüquq sahələrində və məhkəmələrdə praktika keçməyə başladım.

Bir neçə il ərzində eyni vaxtda həm dərslərə gedir, həm də müxtəlif işlərdə çalışırdım. Universitetdə öyrəndiklərimdən daha çox, praktika zamanı əldə etdiyim təcrübə mənə hüquq sahəsində daha özgüvənli olmağı öyrətdi. Artıq nümayəndə qismində məhkəmələrdə kiçik işlər götürür, vətəndaşları təmsil edirdim. Bu xidmətləri isə əsasən imkansız insanlar üçün tamamilə ödənişsiz edirdim. Bu, həm mənim təcrübə qazanmama, həm də onların problemlərinin həll olunmasına kömək edirdi. Əsasən boşanma, aliment və uşaq himayəsi ilə bağlı işlər üzərində çalışırdım.

Lakin bu proses heç də asan deyildi. Gənc və qadın olduğum üçün qarşı tərəf məni çox vaxt düşmən kimi görür, skeptik yanaşırdı. Bəziləri mənə qarğış edir, bəziləri isə hədə-qorxu gəlirdi. Bu kimi hadisələrə görə məhkəmə sistemindən uzaqlaşmaq məcburiyyətində qaldım və bank sistemində hüquqşünas olaraq işləməyə başladım Bank sistemindəki işin sabit saatları (səhər 9-dan axşam 6-ya qədər) və monotonluğu mənə uyğun gəlmirdi. Hiss edirdim ki, özümü xəyal etdiyim yerdə görmürəm. Bu düşüncələr mənim həyatımda daha böyük dəyişikliklərə doğru ilk addımı atmağıma səbəb oldu. Əvvəllər çox gözəl rəsm çəkərdim həmin vaxtlar isə bütün hobbilərimdən çox uzaqlaşmışdım. Özümü heç xoşbəxt hiss edə bilmirdim.

Bacımın məsləhəti və təkidi ilə ikinci təhsil almağa qərar verdim və ilk olaraq onun yanında işini müşahidə edərək öyrənməyə başladım. Nədənsə beynimdə “Bu məndə alınacaqmı?” sualı yaranmadı. Sanki “Bu işi əla edəcəyəm” inamını Allah ürəyimə salmışdı. Bu güclü inam mənim üçün həm motivasiya, həm də yol göstəricisi oldu.

Elə həmin ildən Kiyevdə yenidən tələbə adını qazandım (Diplom B22 Nº 156916; Azərbaycanda Təsdiqi Nº T 028969). Bir müddət orada qaldım, daha sonra isə tez-tez gedib-gəlirdim. İlk vaxtlar bütün bunlar mənə inanılmaz dərəcədə çətin gəlirdi, lakin zamanla bu sahəni sevməyə başladım. Kiyevdə keçirdiyim günlər, oxuduğum dərsliklər və yaşadığım tipik tələbəlik həyatı mənim baxışlarımı və həyatımı çox dəyişdi. Həmin dövrdə “İnsan istərsə, istədiyi yerə çata bilər” ifadəsini həm tam olaraq dərk etdim, həm də yaşadım.

Universitetdə oxuduğum zaman Kiyevdə müxtəlif kosmetoloji kurslara və seminarlarına da qatılırdım. Kosmetologiyaya aid nə kitab, nə kurs, nə seminar varsa, birini belə qaçırmırdım. Ən əsası isə, bu işin peşəkarı olan bacım Rena Soltanovadan işin bütün əlifbasını və sirrlərini öyrəndim. Bütün sərmayəmi xaricdə keçirilən seminarlara xərcləyirdim ki, heç nədən geri qalmayım və işi mükəmməl öyrənim.

Mənim üçün əsas prinsip budur: bir işi edirəmsə, ya onu mükəmməl etməliyəm, ya da heç etməməliyəm. İlk pasiyentlərim təbii ki, rəfiqələrim oldu. Onların dəstəyi və müsbət rəyləri mənim özümə olan inamımı daha da artırdı.

Əlimə iynəni götürdüyüm an qətiyyən tərəddüd etmədim. İlk işlərim də uğurlu alınırdı. Rəfiqələrim məni o qədər tərifləyirdilər ki, özümə olan inamım daha da artdı. İşlədikcə anladım ki, həqiqətən kosmetologiya bir incəsənətdir. Bu sahə incə ruh, gözəl zövq və mükəmməl əl qabiliyyəti tələb edir.

Pasiyentlərin müsbət geri dönüşlərini gördükcə işimə daha da bağlandım və onu sevdim. Bu çətin yolu üzü ağ keçdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Lakin səmimi deyirəm: əgər bu işin məndə alınmadığını və ya əl işimdə bacarıqlı olmadığımı hiss etsəydim, bir an belə düşünmədən bu sahəni tərk edər və həyatımda üçüncü bir yol açardım.

Düşünürəm ki, kosmetologiya çox qeyri-adi bir peşədir. Bu sahədə alim səviyyəsində biliklərə sahib olsan belə, əgər əl qabiliyyətin zəifdirsə, heç vaxt uğur qazana bilməyəcəksən.

İllər keçdikcə işimdə daha çox praktika qazanaraq öz texnikalarımı və fərqli əl işlərimi inkişaf etdirdim. Bu yanaşma ilə insanların diqqətini çəkməyə müvəffəq oldum. Bu gün, 8 illik təcrübəmə baxmayaraq, kifayət qədər insan məni tanıyır və işlərimi bəyənir. Təkcə Azərbaycandan deyil, xarici ölkələrdən də müraciətlər alıram. Xaricdən gələn çoxsaylı iş təklifləri isə mənim üçün əlavə qürur mənbəyidir.

Hər zaman daha irəli getmək və daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. İşimə necə bağlı olduğumu bildirərək, özümü az da olsa sizə tanıtmaq istədim” – deyə o bildirib.

Sonda gənclərə müraciət edən Nigar Rüfət vurğulayıb: “Bir işi ya mükəmməl etməlisiniz, ya da heç başlamamalısınız. İstədiyiniz sahəni seçin, mübariz olun və qarşılaşdığınız çətinliklərə təslim olmayın” – SİZİN NİKOL

Məsimə Məmmədova

Seçilən
28
6
interpress.az

7Mənbələr