Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına start veriləcək.
"Far.Az" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbəri Rövşən Rüstəmov bildirib.
“Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Tezliklə ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Hazırlıq işləri tamamlanmaq üzrədir: infrastruktur tam hazırdır, stansiyalarda təmir işləri yekunlaşır. Yaxın vaxtlarda bunun şahidi olacağıq”, - deyə R. Rüstəmov bildirib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 6 milyon 941,7 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % çoxdur.
ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşıyıb.