AZ

Suriyada gizli həbsxanalar axtarılır

Suriyada Əsəd rejiminin devrilməsindən sonra işgəncə otaqları, gizli həbsxanalar və minlərlə itkin düşmüş şəxsin tapılması istiqamətində işlər davam edir. 

Digər tərəfdən, xüsusilə ölkənin şimal-şərqində humanitar vəziyyətin pisləşdiyi bildirilir. 

“Cebheinfo.az” xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ardından rejimə mənsub gizli həbsxanalar, işgəncə otaqları və minlərlə itkin düşmüş şəxsin axtarışları davam edir. Suriyada fəaliyyət göstərən mülki müdafiə qrupu olan “Ağ Beretlilər” işgəncə ilə tanınan “Sednaya” həbsxanasından 3 min nəfərin xilas edilməsindən sonra axtarış işlərinin davam etdiyini bildirib. 

Almaniyanın ictimai yayımı “ZDF”-yə verdiyi açıqlamada “Ağ Beretlilər”in direktor müavini Faruk Həbib Suriyada hələ də 200 mindən çox insanın itkin düşdüyünü qeyd edib. O, "Rejimin yaratdığı kabus illərdir sənədləşdirilsə də və zülmün miqyası təxmin edilsə də, Əsədin terrorunun əsl miqyası yavaş-yavaş ortaya çıxır",- deyib. 

Həbib rejimin təqib etdiyi, qaçırdığı və ya həbsə atdığı insanların yalnız kiçik bir hissəsinin sağ qaldığını və bu insanları xilas etmək üçün gizli həbsxana axtarışlarını davam etdirdiklərini bildirib. Həbib beynəlxalq ictimaiyyəti Rusiyaya qaçan Əsəd və onun adamlarına təzyiq göstərərək, gizli həbsxanaların yerlərini açıqlamağa çağırıb: 

“Amma təəssüf ki, biz bu barədə optimist deyilik”. 

Ölkədə barışığa və davamlı sülhə nail olmaq üçün ilk növbədə ədalətin bərqərar olmasının vacibliyini vurğulayan Həbib günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. 

Digər tərəfdən, ölkədə baş verən proseslərlə əlaqədar köçkünlərin və evlərini tərk edənlərin vəziyyəti də narahatlıq yaradır. Sərhədsiz Həkimlər Təşkilatı (MSF) əsasən kürdlərdən ibarət 80 mindən çox insanın əsas fəaliyyət sahəsi olan Suriyanın şimal-şərqindəki evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. MSF Almaniyanın icraçı direktoru Kristian Katzer bölgədəki insanların əksəriyyətinin stadionlar, məktəblər və çadırlar kimi təcili sığınacaqlarda yaşadığını, tualet və içməli su çatışmazlığının olduğunu bildirib. 

Xüsusilə gecələr çox soyuq olduğunu, yorğan-döşək lazım olduğunu qeyd edən Katzer onsuz da çətin şərtlər altında həyata keçirilən tibbi xidmətlərin son həddə olduğunu bildirib. 

Katzer Suriyada əhalinin təqribən 90 faizinin yoxsulluq içində yaşadığını və xüsusilə son hadisələrə görə daha çox beynəlxalq yardıma ehtiyac olduğunu bildirib. O, Suriyanın müxtəlif bölgələrində davam edən qarşıdurmalara son qoyulması və mülki əhalinin yardımla təmin edilməsi lazım olduğunu vurğulayıb. 

phrase_var_article.chosen
63
cebheinfo.az

1phrase_var_article.sources