Xarici İşlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, sülh müqaviləsi layihəsi preambula və 17 maddədən ibarətdir. “Preambula və 15 maddə üzrə mətnlər demək olar ki, tam razılaşdırılıb. İki maddə üzrə açıq suallar var. Həmin açıq suallar üzrə son müddət ərzində işlər davam edir. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb”, deyə nazir qeyd edib.
XİN rəhbəri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu faktına diqqət çəkərək Ermənistan Konstitusiya Məhkəməsinin Konstitusiyası ilə bağlı qərarının bu məsələni daha da mürəkkəbləşdirdiyini bildirib:
“Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər təbii ki, bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu məsələni daha da mürəkkəbləşdirib. Konstitusiya Məhkəməsinin qərarında Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu barədə qərar qəbul edilib. Ermənistan Konstitusiyasının preambulasında Ermənistan Müstəqillik aktına istinad var ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur. Hesab edirik ki, Konstitusiya Məhkəməsinin növbəti qərarı vəziyyəti daha da mürəkkəbləşdirib”.
Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya partiyasının sədr müavini Elçin Mirzəbəyli Musavat.com-a sülh müqaviləsinin iki maddəsi üzrə açıq qalan suallar barədə şərh verib.
E.Mirzəbəyli vurğulayıb ki, Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad olunur və bəyannamədə yer alan müddəalar erməni xalqı və dövləti üçün prioritetdir:
“Bəyannamədə 1989-cu il Ermənistan Ali Sovetinin, həmçinin, həmin dövrdə Azərbaycan ərazisində formalaşdırılan qeyri-qanuni təsisat olan Milli Şuranın qərarına istinad olunur. Qərarda Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi qeyd olunub. Bir ölkə digər ölkənin ərazilərinin özünə birləşdirilməsini prioritet hesab edirsə, bu ölkə ilə sülh müqaviləsinin imzalanması qənaətimcə tamamilə absurd olardı. Ermənistan Almatı bəyannaməsi çərçivəsində Azərbaycan ərazilərini tanıdığını bəyan edib. Nikol Paşinyan konstitusiya məsələsindən yayınmaq üçün bunu nümunə gətirir, amma nəzərə almaq lazımdır ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsi elə Almatı bəyannaməsinin qəbulundan sonra işğal olunub. Yəni Ermənistan üçün bu kimi sənədlərin heç bir anlamı yoxdur, çünki Ermənistan öhdəliklərinə məsuliyyətlə yanaşa bilən dövlət deyil. İndiki şəraitdə Ermənistan xarici maraqların təsirindən asılı olan marionet təsisat xarakteri daşıyır”.
E.Mirzəbəyli hesab edir ki, Ermənistan rəhbərliyinə daxil olan şəxslərin fərqli iddialar və mülahizələrlə çıxış etməsini gözardı etmək olmaz: “Azərbaycan ərazisini könüllü surətdə tərk edən ermənilərlə bağlı, eyni zamanda Qərbi Azərbaycandan zorla çıxarılmış 300 min azərbaycanlının geridönüşü ilə bağlı Ermənistan hər hansı öhdəlik götürmək niyyətində olmaya bilər. Kontekst fərqli ola bilər, amma bugün aparılan müzakirələr və Ermənistan tərəfinin baxış bucağından nəzər yetirdikdə, əsas məqamlar bunlardır. Hər iki məsələ prioritetdir. Ərazi iddiaları təkcə, Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da analoji iddialar mövcuddur. Müstəqillik Bəyannaməsində indiki Türkiyə ərazisinin bir hissəsi Qərbi Ermənistan adlandırılır. Eyni zamanda Ermənistan gerbində Ağrı dağı Ararat adlanır. Yəni Ermənistanın hüquqi-normativ aktlarında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Bütün bu maneələr aradan qalxmadıqca Ermənistanla sülh müqaviləsi imzalamağın məntiqi anlamı yoxdur. Sülh müqaviləsi təminatlı olmalı, Ermənistan sülh müqaviləsində yer alan müddəaları yerinə yetirəcəyi barədə öhdəliklər götürməlidir ki, bu öhdəliklər pozulacağı təqdirdə Ermənistana qarşı hansı addımların atıla biləcəyi xüsusi olaraq qeyd olunsun”.
Nigar HƏSƏNLİ,
Musavat.com