AZ

Həştərxanda Heydər Əliyevin adına məktəbin kollektivi ilə görüş keçirilib

Həştərxan, 12 dekabr, Rabil Kətanov, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərinə səfəri çərçivəsində burada Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli ümumtəhsil məktəbinin kollektivi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məktəbin foyesində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotostendə baxış olub.

Sonra keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondunun Həştərxanda həyata keçirdiyi layihələrdən və məktəbin tarixindən danışıb. Bildirib ki, bu məktəb beynəlmiləl xarakteri daşıyır və burada təhsil alan müxtəlif millətlərdən olan uşaqlar, onların valideynləri Heydər Əliyevi daim minnətdarlıqla yad edirlər. Şagirdlər Heydər Əliyevin adını daşıyan məktəbdə oxumaqları ilə fəxr edirlər. Bu məktəb təhsilin keyfiyyətinə görə xüsusi seçilir.

Həştərxan vilayətinin təhsil və elm naziri Mariya Şalak çıxışında belə yüksək səviyyəli təhsil ocağına görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, vilayətlə Azərbaycanın təhsil sahəsindəki əməkdaşlığı gənc nəslin təkcə vətənpərvərlik deyil, eyni zamanda, müxtəlif xalqlara hörmət və dostluq ruhunda yetişməsinə şərait yaradıb.

Vilayətin xarici əlaqələr naziri Vladimir Qolovkov isə çıxışında qarşılıqlı əlaqələrin inkişafından, humanitar sahədə əməkdaşlıq məsələlərindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev özünün siyasi fəaliyyəti ilə böyük irs yaradıb. Bu irs həm Azərbaycan xalqına, həm də keçmiş SSRİ ərazisində yaşayan xalqlara əmanətdir. Bu irsin öyrənilməsi və təbliği ancaq inkişafa, dostluğa, qarşılıqlı hörmətə və səmimi münasibətlərin qurulmasına xidmət edə bilər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxan şəhərində yenidən qurularaq istifadəyə verilən bu məktəbin Ulu Öndərin adını daşıması təsadüfi deyil. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev həm Sovet İttifaqında yüksək vəzifələrdə işlədiyi dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti olanda elmə və təhsilə böyük diqqət, qayğı göstərib. Görkəmli siyasi xadimin adını daşıyan bu məktəb Rusiya ilə Azərbaycanın dostluq əlaqələrinin rəmzidir.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev SSRİ dövründə Baykal-Amur Magistralı kimi mühüm dəmir yolu layihəsinin reallaşmasında böyük rol oynanıb. Keçmiş SSRİ ərazisində Heydər Əliyevin qurucu obrazını canlandıran çoxsaylı işlər var və onlar xalqımızın Ulu Öndərinin xatirəsinin yaddaşlarda əbədi olaraq yaşamasını şərtləndirir.

A.Fərzəliyev Ulu Öndərin adını daşıyan məktəbin əlaçı şagirdlərinin Azərbaycana səfərlərinin təşkili ilə bağlı təşəbbüs irəli sürüb.

Sonra məktəbin müəllimləri çıxış edərək şagirdlər üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Tədbirdə, həmçinin Milli Məclisin deputatları, Həştərxan vilayəti hökumətinin rəsmi şəxsləri iştirak ediblər.

phrase_var_article.chosen
31
1
azertag.az

10phrase_var_article.sources