AZ

Nəriman Abbasov od püskürüb: “Onlar fırıldaqçıdırlar, hər şey əvvəldən danışılıb”

“Mübahisəsiz mən qalib gəlmişdim”.

Bunu İdman.biz-ə Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov (77 kq) deyib.

O, Moskvada keçirilən “Hype Fighting Championship” turnirində kəmər uğrunda yerli idmançı Marif Pirayevlə keçirdiyi görüşlə bağlı fikirlərini açıqlayıb.

Abbasov bildirib ki, görüşü MMA hakimlərinin idarə etməsi razılaşdırılsa da, belə olmayıb: “Təşkilatçılar pankration hakimləri dəvət etmişdilər. Deməli, bunlar əvvəldən danışıblar və üstünlüyü də Marifə verməyi planlaşdırıblar. Təəssüf ki, bunu sonradan bildik”.

Onun sözlərinə görə, rusiyalı rəqibi də “Hype Fighting Championship” təşkilatına məhz revanş üçün gəlib: “Hətta bu təşkilat olmasaydı, başqası da dəvət etsəydi razılıq verəcəkdik. Hamı hər şeyi görür. İdmana yaraşmayan hərəkət idi. Bundan sonra bizim “Hype Fighting Championship” təşkilatı ilə heç bir işimiz olmayacaq. Çünki onlar fırıldaqçıdırlar. Mən əvvəldən demişdim ki, kim olursa-olsun, təmiz hakimlik olsun. Belə çirkin işlərin görüləcəyini fikirləşməzdim. Bu gedişlə təşkilat müəyyən vaxtdan sonra bağlanacaq. Düz istiqamətdə deyillər”.

Qeyd edək ki, 5 raund davam edən döyüşdə hakimlərin yekdil qərarı ilə rusiyalı qalib elan olunub. Bununla da Pirayev 2022-ci ildə Abbasova uduzduğu görüşün revanşını alıb.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr