ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin prezidenti Si Cinpini gələn ilin yanvarında keçiriləcək andiçmə mərasimində iştirak etməyə dəvət edib. Andiçmə mərasiminə digər xarici dövlət rəsmilərinin də dəvəti planlaşdırılır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp noyabrın əvvəlində, seçkidən az sonra Si Cinpini dəvət edib, lakin çinli siyasətçinin dəvəti qəbul edib-etmədiyi bəlli deyil. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü vəziyyəti şərh etməkdən imtina edib.
Si Cinpinlə yanaşı, seçilmiş prezidentin komandası da yanvarın 20-də Kapitolidə digər dünya liderlərini qəbul etməyi düşünür.
Trampın keçid komandasının sözçüsü Kerelayn Livitt "Dünya liderləri prezident Trampla görüşmək üçün sıraya düzülürlər, çünki onun tezliklə hakimiyyətə qayıdacağına və Amerika gücü ilə sülhü bərpa edəcəyinə əmindirlər", - deyə qeyd edib.
Tramp liderlər arasında möhkəm münasibətlərin beynəlxalq sövdələşmələrin imzalanmasının açarı olduğuna inanır. Seçkilərdən sonra dünya liderləri Kanadanın baş naziri Castin Trüdo da daxil olmaqla Trampla görüşmək üçün Mar-a-Laqoya gəlməyə başladılar.