Həştərxan, 12 dekabr, Rabil Kətanov, AZƏRTAC
Azərbaycan xalqının fəxri olan Heydər Əliyev Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etməsi üçün güclü zəmin yaradıb. Dünyaşöhrətli Heydər Əliyev Sovet İttifaqı dövründə Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən iqtisadi inkişaf üçün əvəzolunmaz işlər görüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Denis Afanasyev jurnalistlərə açıqlamasında söyləyib. O bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirərək ölkəsini və qonşu dövlətlərlə əlaqələrin genişlənməsiə xüsusi diqqət yetirir. Rusiya ilə Azərbaycan arasında mehriban münasibətlər və dostluq əlaqələri hər iki xalqın rifahı üçün olduqca faydalıdır.
Vitse-qubernator deyib ki, məhz Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi-ticari əlaqələr yüksələn xətlə inkişaf edir. “Bizim geniş ticarət əlaqələrimiz var və perspektivdə bu münasibətlərin daha da inkişaf etməsini, daha çox sahələri əhatə etməsini gözləyirik”, - deyə o əlavə edib.
Denis Afanasyev diqqətə çatdırıb ki, cari ildə vilayətin qubernatoru İqor Babuşkin Azərbaycanda iki dəfə səfərdə olub və hər səfərində Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Bu fakt onu deməyə əsas verir ki, qarşılıqlı əlaqələrimiz səmimi xarakter daşıyır. Yaxın gələcəkdə Azərbaycan ilə nəqliyyat və ticarət sahəsində yeni layihələrin həyata keçirilməsinin şahidi olacağıq.