AZ

Baş ədliyyə müşaviri: Azərbaycanın uğurlarının təməlini Heydər Əliyevin dühası təşkil edir

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün böyükdən kiçiyə hər kəs öz əbədiyaşar liderini ziyarət edir, onun ruhuna ehtiramını ifadə edir. Sözsüz ki, əsrlər, nəsillər keçsə də, Azərbaycan xalqı heç zaman Ümummilli Lider Heydər Əliyevi unutmayacaq, onun parlaq siması daim yaddaşlarda yaşayacaq, hər zaman dərin hörmət və ehtiramla əziz və unudulmaz xatirəsi yad ediləcək. Misilsiz xalq məhəbbətindən doğan izdihamı bu gün Fəxri xiyabanda görürük.

Bu fikirləri AZƏRTAC-a Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri baş ədliyyə müşaviri Firad Əliyev açıqlamasında söyləyib.

O bildirib ki, dünyaşöhrətli nəhəng tarixi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev istər sağlığında, istərsə də haqq dünyasına qovuşduqdan sonra insanları özünə cəlb etməyi, ətrafına toplamağı bacaran dahi insan kimi tarixə düşüb: “Bu, fenomenal insanın təkcə fitri istedadından, istiqanlılığından, səmimiyyətindən, təvazökarlığından, insanpərvərliyindən, bacarığından, dünyagörüşündən, yüksək nəzəri biliklərindən və digər ali insani keyfiyyətlərindən irəli gəlmir. Burada ən mühüm amil böyük şəxsiyyətdə olan sonsuz millət sevgisidir ki, bu sevgi də qarşılıqlıdır”.

Onun sözlərinə görə, artıq 21 ildir ki, Ulu Öndər Heydər Əliyev cismən bizim aramızda olmasa da, onun parlaq siması hər bir qədirbilən azərbaycanlının hafizəsində yaşayır: “Əminəm ki, qərinələr, əsrlər keçsə belə, millətimiz böyük qəlbli insanı, eləcə də onun xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini unutmayacaq. Dahi şəxsiyyət Heydər Əliyevin anım günü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda qeyd olunur. Ümummilli Liderimiz yüksək ehtiramla yad edilir. Hər il olduğu kimi, bu il də həm Baş Prokurorluqda, həm də Hərbi Prokurorluqda Ulu Öndərin anım günü qeyd edilib, dahi insanın əziz və unudulmaz xatirəsi hörmətlə anılıb. Təbii ki, bu ənənə hər zaman davam edəcək”.

F.Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələbləri ilə uzlaşdırmaqla layiqincə davam etdirən Prezident İlham Əliyevin hərtərəfli bilikləri, dərin düşüncəsi, polad iradəsi, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti, eləcə də xalqımızın müdrikliyi və əzmkarlığı sayəsində Azərbaycan bu gün də ardıcıl uğurlar əldə edir və dövlətimiz daha da qüdrətlənir.

“Azərbaycanın qüdrətlənməsində, həmçinin ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanınmasında zəngin elmi biliklərə, iti zəkaya və yüksək idarəçilik qabiliyyətinə malik böyük qəlbli insanın - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm töhfələr verməkdədir. Qeyd olunmalıdır ki, bu uğurların təməlini uzaqgörən şəxsiyyət Heydər Əliyevin dühası təşkil edir. Odur ki, qədirbilən millətimiz Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, siyasət aləminin lideri Heydər Əliyevin nurlu simasını daim hafizəsində yaşadacaq və müqəddəs ruhunu dərin hörmətlə yad edəcək”, - deyə Firad Əliyev əlavə edib.

 

Seçilən
37
1
azertag.az

2Mənbələr