AZ

Yeni ilə görə Bakıda yarmarkalar olacaq - ÜNVANLAR

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 21-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil olunacaq.

Milli.Az xəbər verir ki, yarmarka səhər saat 9-dan 19.00-a kimi davam edəcək.  

Yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək. Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.

"Kənddən Şəhərə" Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla keçiriləcək. Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.

Qeyd edək ki, "Kənddən Şəhərə" Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək.

"Kənddən Şəhərə" Yeni il yarmarkası aşağıdakı ünvanlarda keçiriləcək:

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı)

Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Aysel Əkbər
Milli.Az

Seçilən
27
3
milli.az

4Mənbələr