AZ

Avropa kuboku Bakı ilə davam edəcək

Bədii gimnastika üzrə Avropa kuboku seriyası davam edəcək.

İdman.biz xəbər verir ki, bu il Avropa Gimnastikası (EG) Bakının ev sahibliyi etdiyi ilk Avropa kubokunun keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Yeni mövsümdə isə belə yarışlar daha çox olacaq. “Məqsədimiz daha çox növlər üzrə daha çox Avropa kuboku turnirləri keçirməkdir”, - deyə EG prezidenti Fərid Qayıbov bu yaxınlarda bildirib.

Özü də Azərbaycanın paytaxtı gələn il üçün Avropa kuboku təqvimində qalır. Təfərrüatlar daha sonra açıqlanacaq.

Yarışlar seriyası maraqlı formatı ilə diqqət çəkir. Bakıda çoxnövçülük üzrə təsnifat mərhələsinin nəticələrinə əsasən, mütləq birinciliyin finalına vəsiqə qazanan 16 gimnast “Cross Battles” - mübarizədə məğlub olan çıxır prinsipi ilə yarışlar keçirib.

Reqlamentə əsasən, təsnifat mərhələsində birinci yeri tutan gimnast 1/8 finalda 16-cı yerdən mərhələ adlayan iştirakçı ilə, ikinci gimnast 15-ci yerdəki ilə və s. qarşılaşıb. Üstəlik, hər bir idmançı finala qədər yalnız bir növdə çıxış edib.

“Bu il idmançıların və tamaşaçıların çox bəyəndiyi daha bir yenilik "Cross Battles" yarışları olub. Bədii gimnastika bu maraqlı yeni formatdan ilk dəfə may ayında Bakıda keçirilən birinci Avropa kuboku zamanı istifadə edib. 2025-ci ildə Bakıya qayıdacağıq”, - Qayıbov Avropa Gimnastikasında ilin yekunları haqqında danışarkən qeyd edib.

Həmçinin Avropa kuboku dünya gimnastikasında yeni standartlar müəyyən edə bilər. Təsadüfi deyil ki, Bakıda keçirilən turnirdə təkcə "Köhnə dünya"dan deyil, Avstraliya, Kuba, Kosta Rika, ABŞ, Cənubi Koreya, Kanada, Hindistan və Lesotodan da iştirakçılar çıxış edib. Qalib isə finalda italiyalı Sofiya Raffaeli ilə mübarizədə qələbə qazanan bolqar Stilyana Nikolova olub.

Avropa kuboku üçün mütləq böyük perspektivlər var. Onun Bakıda başlayan və burada davam edəcək bir tarixə çevrilməsi maraqlı olacaq.

Zəki Feyzullayev
İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr