Kişineu, 12 dekabr, AZƏRTAC
Moldovada Qaqauziya Muxtar Ərazi Qurumunun Komrat şəhərində Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Bəhruz Məmmədzadənin təşəbbüsü və təşkilatçılığı ilə Moldovanın Komrat Dövlət Universitetində azərbaycanlı tələbələrlə birgə Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Dövlət Himni oxunub.
B.Məmmədzadə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin irsi bütün dünyada olduğu kimi Moldovada da öyrənilir.
“Ümummilli Liderin siyasi kursu sayəsində Azərbaycan regionda böyük nüfuza çevrilib. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu ölkəmizin tarixi torpaqlarını Ermənistanın işğalından azad etməyə nail olub”, - deyə B.Məmmədzadə əlavə edib.
Sonra Ulu Öndərin həyatı haqqında çıxışlar dinlənilib və qısa videoçarxa baxılıb.
Daha sonra universitetin ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyularaq ruhuna dualar oxunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu