“Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar köhnəlib və müasir dövrün tələblərinə cavab vermir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
Nazir bildirib ki, təhsil sistemindəki köhnəlmiş prosedurlar və mexanizmlər islahatlara mane olur: “Daha effektiv, çevik və nəticəyönümlü yanaşmalar tətbiq olunmalıdır. İnnovativ yanaşmalar üçün iradə və qanunvericilik tənzimləmələri önəmlidir. Beynəlxalq inteqrasiya proseslərinin sürətləndirilməsi, ali təhsil müəssisələrinin idarəetməsində çeviklik və innovasiyanın tətbiqi, xarici alim və tələbələrin Azərbaycan elmi və təhsil mühitinə daha çox cəlb olunması kimi məqamlar təhsil sisteminin inkişafını sürətləndirmək üçün mühüm addımlardır”.
Qeyd edək ki, E.Əmrullayev ali təhsil, elmi dərəcələrlə bağlı növbəti dəfə çıxış etdi. Elm və Təhsil naziri neçənci dəfədir ki, ali təhsilin keyfiyyəti, strukturu, alimlərlə bağlı müəyyən fikirlər səsləndirir. Bu fikirlər müzakirəyə səbəb olur. Ancaq universitet rektorları ali təhsillə bağlı mülahizələrinə reaksiya vermir. Nazirin təklifləri yaxşıdırsa qəbul etsinlər, pisdirsə fikir bildirsinlər.
Vüsal Kərimli: “Emin bəy strateji olaraq mesaj göndərdi və bir müddət sonra bu məsələ müzakirə olunacaq”
Təhsil eksperti Vüsal Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Emin Əmrullayevin məlum fikirləri maraqlıdır: “Nazir problemi göstərir, ancaq onun icra mexanizminin reallaşması prosesi həddindən artıq ağır və çətindir. Keyfiyyət standartı deyiləndə gərək 70 faiz alimlərimizi çölə ataq, işdən çıxardaq. Zamanla hədəflənən keyfiyyətə çatmaq olar. Həm elmi tədqiqat, həm təhsil müəyyən vaxt sonra inkişaf edəcək. Son 10-15 illə müqayisədə görürük ki, həm təhsil, həm də elm sahəsində keyfiyyət artıb. Ancaq hələ də istənilən səviyyəyə çatmamışıq. Bəli, nazir Emin Əmrullayevin fikirləri maraqlıdır. Ümid edirəm ki, müəyyən bir zaman kəsiyində rektorlar buna reaksiya verəcək. Çünki Emin bəy strateji olaraq mesaj göndərdi və bir müddət sonra bu məsələ müzakirə olunacaq”.
Nizami Hüseynov: “Universitet rektorlarının buna reaksiya verməməsinin səbəbi bəllidir, çünki…”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, Elm və təhsil naziri neçənci dəfədir ki, universitetlərdə elm və təhsilin səviyyəsilə bağlı tənqidi fikirlər bildirir: “Universitet rektorlarının buna reaksiya verməməsinin səbəbi bəllidir. Təhsil sistemində elə bir demokratik mühit yoxdur ki, rektor nazirin dediyi hansısa məsələyə “yox” və ya “hə” desin. Səbəbi isə odur ki, razılıq veribsə, sabahı gün nazirlik bunun pulsuz şəkildə icra olunmasını tələb edəcək. Bu işləri həll etmək üçün maliyyə lazımdır, maliyyə də yoxdur”.
Günel CƏLİLOVA