İspaniyanın “Barselona” klubunun futbolçusu Ferran Torres UEFA Çempionlar Liqasında (ÇL) Lionel Messinin nailiyyətini təkrarlayıb.
Arena.az xəbər verir ki, 24 yaşlı vinger buna Almaniyada Dortmund “Borussiya”sına qalib gəldikləri görüşdə (3:2) dubl etməklə nail olub.
O, Kataloniya təmsilçisinin tarixində ÇL-də sonradan oyuna girərək iki qol vuran dördüncü oyunçudur. 71-ci dəqiqədə Robert Levandovskini əvəzləyən Torres 75 və 85-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Xatırladaq ki, daha əvvəl “Barselona”da 2008-ci ildə Lionel Messi (“Şaxtyor”la matçda), 2012-ci ildə Kristian Telyo (“Bayer”lə oyunda), 2015-ci ildə isə İvan Rakitiç (BATE ilə görüşdə) bunu bacarıb.
Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsutunda “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvarında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümündə Torres “blauqrana”nın heyətində 14 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 127 oyun, 30 qol, 15 məhsuldar ötürmə.
Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 21 qol vurub, 5 məhsuldar ötürmə verib.
Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2022/2023) var.
Torres bu il İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin o, yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.