AZ

İqtisadi inkişafın daha bir təzahürü

Azərbaycan son 10 ildə investisiya yatırılan ölkədən, investisiya yatıran ölkəyə çevrilib

İnvestisiya iqtisadi inkişafın əsas prioritetlərindən biridir. Ona görə də hansı ölkədə ki, münbit investisiya mühiti olur, oraya xarici sərmayədarların da marağı artır. Azərbaycan dövləti də investorları cəlb emək üçün önəmli işlər həyata keçirib. Xüsusilə ölkəmizin investisiya cəlbediciliyini artırmaq üçün ciddi islahatlar aparılıb. İlk növbədə bu sahədə qanunvericilik bazası təkmilləşdirilməklə investorlara mane ola biləcək bütün bürokratik əngəllər aradan qaldırılıb. Onların şəffaf və maneəsiz fəaliyyəi üçün antikorrupsiya tədbirləri gücləndirilib. Bundan başqa, dövlətə məxsus şirkət və müəssisələrin, habelə dövlət payına malik sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə «Azərbaycan İnvestisiya Holdinqi» yaradılıb.

Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi hazırkı rolu da onu mühüm geosiyasi oyunçuya, eləcə də beynəlxalq nüfuza malik ölkəyə çevirib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri də daxil olmaqla dörd layihədə iştirak edir. Bundan əlavə, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri də uğurla tamamlanan «Şahdəniz-2», Cənub Qaz Dəhlizi və əsas seqmentləri olan TANAP və TAP-dır. Əsas investor kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici iqtisadiyyata investisiyaların həcminə görə MDB məkanının aparıcı dövlətlərindən biridir. Dünyanın aparıcı iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarına görə, ölkəmiz regionun coğrafi investisiya mərkəzinə çevrilib. Elə buna görə də 2024-cü ilin 9 ayı ərzində ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam edib.

Bəs Azərbaycana cari ildə nə qədər birbaşa xarici investisiya yatırılıb? Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov mətbuata açıqlamasında bildirib ki, 2024-cü ilin üçüncü rübündə ölkəmizin neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 4,5 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Həmin vəsaitin 95.9 faizi Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub. Siyahıdan və rəqəmlərdən də görünür ki, Azərbaycan iqtisadiyyatına həm ənənəvi ticarət tərəfdaşlarının, həm də qlobal arenada müxtəlif regionlardan olan sərmayədarların marağı yüksəkdir. Bu isə Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinləşdiyini göstərir.

Həmçinin cari ildə Azərbaycandan xarici ölkələrə yatırılan birbaşa investisiyalarda da ciddi artım baş verib. Belə ki, bu il xarici ölkələrə 1,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulub ki, (2023-cü ilin eyni dövründə bu rəqəm 998 milyon dollar olub) bu da ötən ildəkindən təqribən 35 faiz çoxdur. Məsələn bu dövrdə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə birbaşa investisiyalar 431 milyon dollar, Türkiyəyə 175 milyon dollar, Gürcüstana 96 milyon dollar, Birləşmiş Krallığa 87 milyon dollar və Özbəkistana 78 milyon dollar təşkil edib.

Hazırda rəsmi Bakı işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparır. Belə ki, xeyli sayda xarici şirkətlər işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsində iştirak edirlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, bu günədək KOBİA-ya işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 1000-dən çox müraciət daxil olub.

Ölkəmizin investisiya istiqamətindəki uğurlu addımlarını «Fitch Ratings» beynəlxalq kredit reytinqi agentliyi də müsbət tenedensiya kimi dəyərləndirib. Məlumat üçün bildirək ki, «Fitch Ratings» dünyada reytinq agentliyi kimi tanınan şirkətdir. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatlarını hazırlamaqdır.

Elçin Zaman, «İki sahil»

Seçilən
31
ikisahil.az

1Mənbələr