AZ

Qurban Qurbanov: “Əgər Avroliqanın əsas mərhələsinə vəsiqə qazana bilməsəydik...”

"İsveçə qələbə üçün gəlmişdik".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin "Elfsborq" komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, məğlub olduqları görüş barədə danışıb:

“Yaxşı müdafiə olunan komandaya qarşı mübarizə aparırdıq. Təəssüf ki, məğlub olduq. İsveçə qələbə üçün gəlmişdik. Oyunçularım sona qədər mübarizə apardılar. Lakin futbol səhvlərin üzərində qurulan bir oyundur. Ani diqqətsizlik səbəbindən qapımızda qol gördük.

Hər bir halda futbolçularıma təşəkkür edirəm. Onlar bu il çox əziyyət çəkdilər. Cari il uğursuz nəticələrimiz olsa da, irəlidəki görüşlərə baxacağıq. Daha da böyümək üçün. Bizim üçün bu ilki Avropa Liqasının oyunları böyük təcrübə oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.

Təcrübəli mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm qitənin ikinci dərəcəli klub turnirindəki çıxışlarına da toxunub:

"Avroliqada 6 oyundan 5-də məğlub olduq. Məncə, bu məsələnin üzərində çox dayanmağa ehtiyac yoxdur. Pozitiv şəkildə irəlidəki oyunlara baxmalıyıq. Əgər Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməsəydik, bunu uğursuzluq hesab etmək olardı. Əslində, dediyim bu hal da baş verə bilər. Futbolda elə bir qanun yoxdur ki, hər il eyni səviyyədə çıxış edəsən. Düzdür, biz əlimizdən gələni edirik. Lakin bəzən görürsən ki, futbolçuların yorğun halları olur. Azarkeşlərin hisslərini başa düşürəm. Amma bildirmək istəyirəm ki, biz hər oyuna qələbə üçün çıxırıq. Amma bəzən işlər bizim istədiyimiz kimi getmir. Bu gün futbol elə bir səviyyəyə çatıb ki, hər bir komandanın eniş yaşamaq şansı var. Bəzən baxırıq ki, böyük futbol ölkələrinin klubları uğursuz çıxışları ilə diqqət çəkirlər".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda “Qarabağ” səfərdə "Elfsborq"a 0:1 hesabı ilə uduzub.

Seçilən
60
9
sportinfo.az

10Mənbələr