Bakının Binə qəsəbəsi Şah İsmayıl Xətai küçəsi su ilə dolub.
Milli.Az xəbər verir ki, bu ərazidə nəinki küçələr, hətta evlər də su altında qalıb.
Sakinlərin sözlərinə görə, nə vaxt yağış yağsa vəziyyət kritik olur. Onlar küçələrə özləri daş düzərək yol açıblar.
"Bura nə təcili tibbi yardım, nə də uşaqlarımız dərsə gedə bilir. Qızım əlildir, bu vəziyyətdə necə getsin, hərəkət etməyə yer yoxdur. Pulu dəstələyib ciblərinə qoyurlar. Gəlsinlər, həmin pulu bura xərcləsinlər".
Şikayətçilər bildirib ki, İcrada olmuşuq. Nümayəndələr kişi kimi söz verərək gələcəklərini deyiblər.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün subasma prosesinin dinamikası artıb. Bu səbəbdən, rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin texniki vasitələri cəlb olunmaqla yağış sularının aradan qaldırılması işləri aparılıb. Eyni zamanda, ərazidə drenaj sisteminin qurulması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi olmayan ərazilərdə müvafiq layihə sənədləri hazırlanıb: "Layihələrin icrası su və kanalizasiya təchizatı sisteminin mövcud vəziyyəti, texniki vəziyyət və digər amillər nəzərə alınaraq tədbirlər planına uyğun şəkildə mərhələli olaraq həyata keçirilir".
Asya
Milli.Az